Adi halda avtomobil idarə edərkən telefondan istifadə qadağandır. Bu qayda yol hərəkətinin təhlükəsizliyi üçün tətbiq olunur. Amma tıxacda və ya tam dayanmış vəziyyətdə bu qadağanın necə tətbiq olunması sual doğurur. Bəs hərəkətsiz avtomobildə də telefondan istifadəyə görə cərimə yazıla bilər?
Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, qanunun hərfi məzmununa görə xəta yalnız nəqliyyat vasitəsinin hərəkəti zamanı baş verir:
"“Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi eyni ifadəni nəzərdə tutur: nəqliyyat vasitəsi hərəkətdə olarkən telefonu əldə saxlamaq və ondan istifadə etmək. Xətanın tərkibi məhz hərəkət halı ilə bağlıdır. Telefonu əldə saxlamaq və ondan istifadə etmək hər ikisi eyni anda hərəkət zamanı olmalıdır.
Bu yanaşmaya görə, avtomobil tıxacda tam dayanıbsa, maddənin tələbləri formal olaraq tamamlanmır. İnzibati xətalarda analogiya və geniş şərhə yol verilmir. Buna görə də hərəkətsiz avtomobildə telefondan istifadə bu maddəyə uyğun gəlməyə bilər. Praktikada isə iki əsas məsələ var.
Birinci məsələ “hərəkət” anlayışı ilə bağlıdır. İşıqforda və ya tıxacda qısa dayanma bəzən hərəkətin davamı kimi qəbul edilir. Bu halda avtomobil tam park edilmiş vəziyyətdən fərqli qiymətləndirilir. Yol polisi əməkdaşı isə bu fərqi həmişə nəzərə almaya bilər.
İkinci məsələ “istifadə” anlayışıdır. Bu anlayış qanunda və məhkəmə təcrübəsində dəqiq izah olunmayıb. Bu da maddənin tətbiqində qeyri-müəyyənlik yaradır",- deyə o qeyd edib.
Beləliklə, qanunvericiliyə əsasən, telefondan istifadəyə görə inzibati məsuliyyət nəqliyyat vasitəsinin hərəkətdə olduğu hallara şamil edilir. Avtomobil tam dayanmış vəziyyətdə olduqda isə bu normanın tətbiqi hüquqi baxımdan mübahisəli hesab oluna bilər. Bununla belə, "hərəkət" və "istifadə" anlayışlarının qanunvericilikdə dəqiq sərhədlərinin müəyyən edilməməsi praktikada müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olur. Bu baxımdan, sürücülərin mübahisəli vəziyyətlərlə qarşılaşmamaq üçün avtomobili idarə edərkən, o cümlədən tıxac və ya işıqforda gözləmə zamanı da telefondan istifadə etməmələri daha təhlükəsiz və məqsədəuyğun hesab olunur.


