Bakının Nizami rayonunda taksi sürücüsü müştərini döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Abbas taksi fəaliyyəti ilə məşğul olub və idarə etdiyi “Changan A05” markalı avtomobilə müştəri kimi əyləşmək istəyən Rasimə (adlar şərtidir – red.) avtomobilin qapısını kobud açmasına irad bildirib.
Bununla əlaqədar aralarında baş vermiş mübahisə zamanı Rasim onu nalayiq ifadələrlə təhqir edib. Bu səbəbdən qisas almaq məqsədi ilə o, Rasimin sifət nahiyəsinə qəsdən yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Nizami Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkənlə barışması müəyyən edilib. Bu səbəbdən Rasim Abbasa qarşı şikayətini geri götürüb.
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarmayıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.


