Müasir pedaqoji yanaşmalarda uşaqlara qarşı fiziki cəza və psixoloji təzyiq qəti şəkildə qəbul edilmir. Artıq yalnız uşağa əl qaldırmaq deyil, onu sinif qarşısında utandırmaq, alçaldıcı davranış sərgiləmək də düzgün tərbiyə üsulu hesab olunmur. Təhsil sistemində əsas məqsəd uşağın şəxsiyyət kimi formalaşması, onun psixoloji təhlükəsizliyinin qorunması və sağlam özünəinamın inkişaf etdirilməsidir. Bu yanaşma həm valideynlər, həm də müəllimlər üçün yeni tərbiyə modelini gündəmə gətirir.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bu həqiqətən də çox qlobal və fundamental mövzudur:
“Bu, müasir pedaqogikanın ən böyük və hələ də birmənalı cavabı olmayan suallarından biridir. Ümumiyyətlə, uşaq tərbiyəsində əsas müzakirə mövzularından biri budur ki, uşağa məhdudiyyət qoymaq, cəzalandırmaq və müəyyən nəzarət tətbiq etmək daha doğrudur, yoxsa ona tam sərbəstlik vermək? Bu məsələ uzun illərdir həm pedaqoqlar, həm psixoloqlar, həm də cəmiyyət tərəfindən geniş şəkildə müzakirə olunur. Bu gün xüsusilə Qərb ölkələrində uşağa qarşı hər hansı fiziki və ya psixoloji təzyiqin əleyhinə çıxılır və daha çox sərbəst tərbiyə modeli müdafiə olunur. Lakin digər tərəfdən baxdıqda, bu sərbəstliyin hansı həddə qədər davam etməli olduğu da ciddi suallar yaradır. Çünki tam nəzarətsizlik və sərhədsiz sərbəstlik bəzi hallarda gənclərin erkən yaşda zərərli vərdişlərə meyl etməsinə, spirtli içki, siqaret istifadəsinə, erkən münasibətlərə və digər mənfi hallara səbəb ola bilir. Biz cəmiyyətdə erkən nikahların əleyhinə danışırıqsa, erkən yaşda yaranan digər problemlərə də eyni həssaslıqla yanaşmalıyıq. Deməli, sərbəstliyin də müəyyən sərhədləri və çərçivələri olmalıdır. Müasir elm artıq bildirir ki, insanın psixoloji və əqli yetkinliyi yalnız 18 yaşda tam formalaşmır. Araşdırmalara görə, orta hesabla insan 25 yaşına yaxın öz qərarlarının məsuliyyətini daha dolğun şəkildə dərk etməyə başlayır”.
O deyib ki, müəyyən yaş dövrünə qədər uşağa tam sərbəstlik verilməsi və “nə istəyirsənsə et” yanaşması da mübahisəli görünür:
“Əlbəttə, uşağa qarşı fiziki zorakılıq düzgün yanaşma deyil və bu qəbul olunmamalıdır. Lakin uşağın tərbiyəsində müəyyən intizam qaydalarının olması da qaçılmazdır. Burada əsas məsələ niyyət və yanaşma formasıdır. Valideyn, xüsusilə ana, bunu aqressiya və ya qəzəb hissi ilə deyil, uşağın düzgün formalaşması və gələcəyi naminə etməlidir. Əvvəllər məktəblərdə müəllimlərin şagirdlərə qarşı daha sərt yanaşmaları cəmiyyət tərəfindən normal qəbul edilirdi. Valideynlər bunu uşağın təhsili və savadı naminə edilən bir tərbiyə üsulu kimi qiymətləndirirdilər. Bu gün isə yanaşmalar dəyişib və daha humanist metodlara üstünlük verilir. Bütün bunları nəzərə aldıqda, məsələyə birtərəfli yanaşmaq düzgün olmaz. Həm sərt nəzarətin, həm də tam sərbəstliyin müəyyən riskləri var. Ən doğru yol isə sərt cəza ilə tam sərbəstlik arasında balanslı, sağlam və düşünülmüş orta yol tapmaqdır”.


