Dünyada psixi sağlamlıq problemləri ilə bağlı göstəricilərin artması narahatlıq doğurur. “The Lancet” jurnalının yaydığı məlumata əsasən, 2023-cü ilə qədər təxminən 1,17 milyard insana müxtəlif psixi pozuntular üzrə diaqnoz qoyulub və bu rəqəm son onilliklərdə kəskin şəkildə artıb. Araşdırmalarda təşviş, depressiya, davranış pozuntuları və digər psixoloji problemlərin xüsusilə gənclər arasında daha çox yayıldığı qeyd olunur. Bu vəziyyət psixi sağlamlıq xidmətlərinin əlçatanlığı və erkən diaqnostikanın əhəmiyyətini bir daha gündəmə gətirir.
Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bunu hər hansı səbəblə izah etmək olmaz:
“Təbii ki, bunun bir çox səbəbləri var. Məsələn, pandemiyalar oldu. Pandemiyadan sonra insanların həm psixi durumunda, həm də ümumi sağlamlığında bir sıra dəyişikliklər yarandı. Müharibələr baş verir, həyat çox sürətlə irəliləyir. Təhsil və karyera ilə bağlı ailələrdə yüksək gözləntilər formalaşır. Baxırsan ki, valideyn övladını məcbur edir ki, mütləq çox yaxşı oxumalı, xaricdə təhsil almalıdır. Övladın üzərinə qaldıra bilməyəcəyi qədər yük qoyulur. Ailədaxili münasibətlərdə gərginliklər yaranır. Əvvəllər o qədər də qabardılmayan məsələlər indi daha çox şişirdilir və sosiallaşdırılır. İqtisadi çətinliklər, müharibələr və digər amillər də psixi xəstəliklərin ortaya çıxmasına səbəb olur. Məsələn, smartfonlar yarandıqdan sonra psixi problemlər daha çox görünməyə başladı. Çünki insan beyninin, insan ruhunun və ümumiyyətlə orqanizmin ən azı 7-8 saat yuxuya ehtiyacı var. Amma bu gün görürük ki, bir çox insanlar hətta 4-5 saat belə yatmırlar. Həddindən artıq telefon istifadəsi yuxusuzluq yaradır, dayaq-hərəkət aparatında problemlərə səbəb olur, göz xəstəliklərini artırır. Telefonda oynanılan bəzi oyunlar aqressiya və davranış pozuntuları yaradır”.
O bildirib ki, insan uzun müddət aqressiv vəziyyətdə qalanda bu artıq digər psixi problemlərə keçid edə bilir:
“Bir məqam da var ki, əvvəllər bəzi hallar xəstəlik kimi qəbul olunmurdu. Məsələn, "nevrasteniya" deyilən vəziyyətlər insanın xarakteri kimi qiymətləndirilirdi. Halbuki bu, psixoloji problemin göstəricisi ola bilər. Məsələn, bəzi insanların müəyyən səslərə, çəngəl səsinə, kiminsə su içməsinə və ya yemək yeməsinə qarşı həddindən artıq reaksiya verməsi artıq müəyyən psixoloji həssaslıqdan xəbər verir. Yəni əvvəllər adi xarakter xüsusiyyəti hesab olunan bəzi hallar indi psixoloji xəstəlik əlaməti kimi qiymətləndirilir. Həddindən artıq aqressiya, insanın özünü həddindən artıq yükləməsi və ya telefona hədsiz bağlı olması da müəyyən psixi problemlərin göstəricisi ola bilər. İnsan telefonsuz qala bilmirsə, bu, onun həyatında müəyyən boşluğun olduğunu göstərir. Həmin boşluq da zaman keçdikcə müxtəlif problemlər yarada bilir. Digər tərəfdən, qohumluq əlaqələri zəifləyir, insanlar bir-birinə yadlaşır. Hətta elə övladlar var ki, analarını aylarla, illərlə görmürlər, yalnız uzaqdan danışmaqla kifayətlənirlər. Bütün bunlar insanlarda tənhalaşmanı artırır. İnsan bir müddət təklikdə özünü rahat və xoşbəxt hiss edə bilər, amma zaman keçdikcə bu tənhalıq müxtəlif psixoloji problemlərin ortaya çıxmasına səbəb olur”.


