Cəmiyyət Özəl

Məhkəmədə edilən bu hərəkətin dönüşü yoxdur — Açıqlama

Məhkəmədə edilən bu hərəkətin dönüşü yoxdur — Açıqlama

Cinayət prosesində verilən ilk ifadə çox vaxt işin sonrakı gedişini müəyyən edən əsas mərhələlərdən biri sayılır. Hüquqi prosedurlarda ilkin ifadənin qeydə alınması və onun sübut kimi qiymətləndirilməsi bu mərhələnin xüsusi əhəmiyyətini artırır. Bu baxımdan istintaq zamanı səsləndirilən ilk sözlərin hüquqi nəticələri də diqqət mərkəzində olur.

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, cinayət işində ən güclü silah ilk dəfə söylədiyiniz sözdür:

"Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən, şübhəli və təqsirləndirilən şəxsin ilkin ifadəsi iş materiallarına əlavə olunur və məhkəmədə sübut kimi istifadə edilə bilər. Sonradan ifadənizi dəyişsəniz, məhkəmə haqlı olaraq soruşacaq ki, əvvəl niyə başqa cür demisiniz? Bu sual cavabsız qaldıqda hakimin yeni ifadəyə etibarı zəifləyir.

Çünki ilkin ifadə protokola yazılır, imzalanır və istintaq materiallarında qalır, məhkəmədə əleyhinizə istifadə oluna bilər. Təsəvvür edin, qarşınızda ağ vərəq var, hüquqi taleyinizin ilk səhifəsi. Siz orada ilk sözünüzü yazırsınız. Əgər o söz səhvdirsə, qorxudan və ya təzyiq altında deyilmişsə, onu silmək mümkün deyil, yalnız izah etməyə çalışırsınız".

Vəkil deyib ki, istintaq zamanı deyilmiş ilk söz daşa həkk olunmuş yazı kimidir:

"Sonrakı hər söz yalnız o yazının kölgəsində qalır. Amerika Birləşmiş Ştatlarında “Miranda v. Arizona” 1966-cı il tarixli məşhur qərar var. Bu qərar ən tanınmış hüquqi presedentlərdən biridir. Baş hakim Erl Uorren həmin qərarda qeyd edib ki, hər hansı sorğu-sualdan əvvəl şəxsə xəbər verilməlidir ki, onun susmaq hüququ var və verdiyi ifadə məhkəmədə ona qarşı sübut kimi istifadə oluna bilər.

Əgər bir gün sorğu-sual olunsanız, sakit olun və tələsməyin. Vəkil tələb edin, bu sizin hüququnuzdur. Vəkil gələnə qədər heç bir ifadə verməyin, "vəkilim olmadan danışmıram" deyin. Susmaq hüququnuzdan istifadə edin.

Susmaq hüququ zəiflik deyil, ağıllı müdafiə vasitəsidir. Unutmayın, cinayət işində hər şeyi düzəltmək olar, amma ilkin ifadəni yox. Vəkil yanınızdadırsa danışın, yanınızda deyilsə susun" , - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az