İqtisadiyyat Özəl

Baş nazirin buğda ilə bağlı qərarı qiymətlərə necə təsir edəcək?

Baş nazirin buğda ilə bağlı qərarı qiymətlərə necə təsir edəcək?

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə “Buğda. Texniki şərtlər” AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdanın 1 (bir) tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400,0 (dörd yüz) manat müəyyən edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, bu, 400 manat minimum alış qiymətidir:

“Yəni fermer buğdanı daha yüksək qiymətə sata bilirsə, satsın. Keyfiyyətli ərzaqlıq buğda ilə bağlı hökumətin müəyyən etdiyi qurum var. Bu qiymət də həmin qurumun müəyyənləşdirdiyi minimum alış qiymətidir. Bu o deməkdir ki, fermer istəsə, buğdanın kiloqramını 40 qəpikdən, tonunu isə 400 manatdan dövlətə sata bilər. Əks halda, məhsulunu istədiyi yerə sata bilər. Bu, minimum alış qiymətidir və müsbət addımdır. Ən azından fermer məhsulunu sata bilmədikdə, buğda əlində qalmayacaq. O bilir ki, ən pis halda məhsulunu 400 manata dövlətə sata biləcək”.

O qeyd edib ki, bu, fermerə göstərilən dəstəkdir:

“Məqsəd fermerin gəlirlərini sabit saxlamaq və ölkədə ərzaqlıq buğda istehsalına marağı artırmaqdır. Fermer əmin olur ki, məhsulunu minimum 400 manata sata biləcək. Beləliklə, satış riskləri azalır. Bu da ona növbəti əkin mövsümü üçün planlarını daha rahat qurmağa imkan verir. Ərzaq təhlükəsizliyi baxımından da bu addım kifayət qədər effektivdir. Çünki fermeri daha çox istehsala həvəsləndirir. Heç kim fermeri məcbur etmir ki, məhsulunu məhz 400 manata satsın. Əgər 450 manata, 500 manata və ya daha yüksək qiymətə sata bilirsə, sərbəstdir. Dövlət sadəcə bildirir ki, müəyyən keyfiyyət standartlarına cavab verən buğdanı minimum 400 manata alacaq. Burada əsas məqsəd ərzaq təhlükəsizliyini təmin etməkdir. Dövlət fermerə bu şəraiti yaratmaqla təkcə idxaldan asılılığı azaltmağa çalışmır, eyni zamanda yerli istehsalın davamlılığını da təşviq edir. Hər il bu qiymət mövcud iqtisadi vəziyyətə uyğun yenilənir və minimum alış qiyməti dövlət tərəfindən müəyyən edilir”.

Leyla Turan

D
demokrat.az