Bakının Qaradağ rayonunda kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü İntiqam keçmiş həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış qısqanclıq zəminində baş vermiş mübahisə zamanı əl zərbələri ilə keçmiş həyat yoldaşının sifət və bədəninin müxtəlif nahiyələrinə vurub.
Faktla bağlı İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, Vüsalə ilə 2016-cı ildə rəsmi olaraq ailə həyatı qurub və onunla 2025-ci ilin sentyabr ayına kimi nikahda olub:
“Həmin nikahdan bizim 3 övladımız olub. Vüsalənin müraciəti əsasında nikahımız pozulduqdan sonra da biz eyni evdə yaşamağa davam etdik. Məlum hadisə günü, saat 22:30-da yaşadığımız evdə olan zaman Vüsalə evə gəldi və öz yataq otağına keçdikdən sonra mən də onun arxasınca getdim. Ondan hansı səbəbdən evə gec gəldiyini soruşdum. Vüsalə isə əcəb etdiyini kobud formada cavab verdi. Mən də əsəbiləşərək Vüsalənin sifətinə bir dəfə şillə vurdum. Həmin mübahisə 1-2 dəqiqə davam etdi. Həmin vaxt evdə 3 azyaşlı uşaqlarımız olsa da, mübahisə Vüsalənin yataq otağında baş verdiyindən onlar mübahisəni görməyiblər”.
Təqsirləndirilən şəxs deyib ki, növbəti gün Vüsaləni vurmayıb, yalnız aralarında qısqanclıq zəminində təkrar mübahisə baş verib. O, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs tərəfindən bağışlanmasını xahiş edib.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, keçmiş əri İntiqam ilə əvvəlcə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşib:
“İntiqam içki aludəçisi olub və tez-tez spirtli içki qəbul edərək mənimlə heç bir səbəb olmadan mübahisə edib. Bu səbəbdən müraciətimə əsasən bizim aramızda olan nikah Qaradağ Rayon Məhkəməsinin 2025-ci il tarixli qətnaməsi ilə pozuldu”.
Zərərçəkmiş deyib ki, 2025-ci ilin avqust ayında keçmiş əri İntiqam onu döydüyü üçün polisə müraciət edib:
“Lakin məhkəmədə İntiqamla barışdım. 2026-cı ildə, saat 22:30-da rəfiqəmin ad günündən çıxdım və yaşadığım evə gəldikdən sonra İntiqam haradan gəldiyimi soruşdu. Mən də rəfiqəmin ad günündən gəldiyimi dedim. Lakin İntiqam mənə inanmadı, mənimlə mübahisə etdi. Mübahisə zamanı İntiqama ayırıldığımız üçün işlərimə qarışmamasını bildirdim. Amma o, əl zərbəsi ilə sifət və bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü. Həmin hadisədən sonra İntiqamın barəsində şikayət etmək istəməsəm də, o, növbəti gün yenidən mənimlə mübahisə etdiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə İntiqam 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhərindəki evi, həmçinin Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tapşırılıb. Bu hal müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olunub.
Həmçinin cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.


