Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə ölkə boyu təntənəli tədbirlər keçirilir. Paytaxt Bakının mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.
Şəhərin müxtəlif istiqamətlərini əhatə edən yürüşlər saat 12:00-dək davam edəcək. Hərbçilərimiz Heydər Əliyev Sarayı, Şəhidlər Xiyabanı, Azadlıq meydanı, Hüseyn Cavid parkı və Qış parkı kimi əsas mərkəzi nöqtələrdən keçən 5 müxtəlif marşrut üzrə hərəkət edirlər.
Nizami addımlarla irəliləyən hərbçilərin yürüşü sakinlərin və şəhərin qonaqlarının marağına səbəb olub.
Bu əlamətdar gün yalnız paytaxtla məhdudlaşmır. Ordumuzun yaranma günü münasibətilə Sumqayıt, Gəncə, Naxçıvan və Bərdə ilə yanaşı, işğaldan azad edilmiş Xankəndi, Laçın və Şuşa şəhərlərində də hərbi yürüşlər keçirilir. Tarixi ərazilərimizin mərkəzi meydanlarında və küçələrində hərbi musiqilərin sədaları altında keçirilən yürüşlər bayram ab-havasını daha da canlandırır.
Demokrat.az


