Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefə malik dağlıq-meşəlik ərazidə yolunu azaraq köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib. Sakinlərin itkin düşməsi barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Həyəcan təbili ilə dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Ərazinin çətin keçidli olmasına baxmayaraq, xüsusi texniki vasitələrin və operativ axtarış tədbirlərinin sayəsində qısa müddətdə 8 nəfərin yeri müəyyənləşdirilib.
Genişmiqyaslı axtarış əməliyyatında xilasedicilərlə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd camaatı da yaxından iştirak edib. Birgə səylər nəticəsində meşədə azan şəxslər sağ-salamat tapılaraq təhlükəsiz zonaya təxliyə olunublar.
Demokrat.az


