Süni intellekt artıq milyonlarla insanın gündəlik həyatının bir hissəsinə çevrilib. İnsanlar təkcə məlumat əldə etmək üçün deyil, həm də seçim etmək, qərar vermək və müxtəlif situasiyalarda məsləhət almaq üçün bu texnologiyaya müraciət edirlər. Bu vərdişin gələcəkdə psixoloji asılılığa çevrilib-çevrilməyəcəyi sualı yaranır.
Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, süni intellektin gündəlik həyatda sürətlə yayılması insanların qərarvermə prosesini də dəyişməyə başlayıb:
"Bu gün bir çox insan hansı ixtisası seçmək, hansı işə müraciət etmək, övladının təhsilini necə planlaşdırmaq, münasibətlərdə necə davranmaq, hətta gündəlik həyat tərzi ilə bağlı qərarlar üçün süni intellektdən məsləhət alır. Bu vəziyyət təbii olaraq belə sual yaradır: görəsən, bu proses gələcəkdə psixoloji asılılığa səbəb ola bilərmi? Bu risk tamamilə realdır. Lakin burada əsas məsələ süni intellektin mövcudluğu deyil, ondan istifadə tərzidir. Psixologiyada asılılıq insanın müəyyən vasitə və ya davranış olmadan özünü narahat hiss etməsi, qərar verməkdə çətinlik yaşaması və tədricən müstəqil düşünmə bacarığının zəifləməsi ilə xarakterizə olunur. Əgər insan hər kiçik qərar üçün süni intellektə müraciət edir və zamanla öz düşüncəsinə güvənməməyi öyrənirsə, bu artıq sağlam istifadə çərçivəsindən çıxmağa başlayır".

Psixoloq deyib ki, süni intellektə həddindən artıq etibarın ən mühüm risklərindən biri qərarvermə məsuliyyətinin tədricən xarici mənbəyə ötürülməsidir:
"İnsan beyni gündəlik seçimlər etdikcə analiz etməyi, müqayisə aparmağı və nəticələri qiymətləndirməyi inkişaf etdirir. Əgər bu prosesin böyük hissəsi texnologiyaya həvalə olunarsa, zamanla tənqidi düşünmə, analitik təhlil və müstəqil qərarvermə bacarıqlarında zəifləmə müşahidə oluna bilər.
Digər tərəfdən, süni intellekt emosional dəstək vasitəsinə çevrilə bilər. Bəzi insanlar narahatlıq, tənhalıq və ya qərarsızlıq yaşadıqları zaman ilk olaraq ailə üzvlərinə, dostlara və ya mütəxəssisə deyil, süni intellektə müraciət etməyə başlayırlar. Bu, qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətli perspektivdə real sosial münasibətlərin və canlı ünsiyyətin azalmasına səbəb ola bilər. Halbuki insanın psixoloji sağlamlığının əsas dayaqlarından biri digər insanlarla emosional əlaqələr qurmaqdır.
Bununla yanaşı, süni intellekti təhlükə kimi təqdim etmək də doğru olmazdı. Düzgün istifadə olunduqda o, qərarvermə prosesini dəstəkləyən, məlumatları sistemləşdirən, alternativləri göstərən və insanın düşünməsinə kömək edən faydalı alətdir. Problemin başladığı nöqtə isə insanın qərarı özü vermək əvəzinə bütün məsuliyyəti texnologiyaya həvalə etməsidir.
Psixoloji baxımdan sağlam yanaşma ondan ibarətdir ki, süni intellekt məsləhətçi rolunda çıxış etsin, qərarverici rolunda deyil. İnsan aldığı məlumatı öz dəyərləri, həyati təcrübəsi, sosial şəraiti və məqsədləri ilə müqayisə etməli, son qərarı isə özü verməlidir. Bu yanaşma həm texnologiyanın imkanlarından faydalanmağa, həm də müstəqil düşünmə bacarığını qorumağa imkan verir. Gələcək illərdə süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevriləcək. Buna görə də əsas məsələ ondan istifadə edib-etməmək deyil, ondan necə istifadə etməyi öyrənməkdir. Texnologiya insanın düşüncəsini əvəz etməməli, onu zənginləşdirməlidir. İnsan öz intellektini inkişaf etdirən zaman süni intellekt onun güclü köməkçisinə çevrilir. Əksinə, düşünmə məsuliyyətini tamamilə texnologiyaya ötürdükdə isə psixoloji asılılıq və qərarvermə zəifliyi riski artır. Buna görə də süni intellektlə münasibətdə balanslı, şüurlu və tənqidi yanaşma qorunmalıdır", - deyə o qeyd edib.


