Dünya Özəl

16 yaşlı məktəbli 22 dəqiqədə Türkiyə rekordunu qırdı

16 yaşlı məktəbli 22 dəqiqədə Türkiyə rekordunu qırdı

Antalyada yaşayan 16 yaşlı lisey şagirdi Bilgə Kağan Çetinkaya Pi ədədinin vergüldən sonrakı 5 min rəqəmini əzbər söyləyərək Türkiyə rekordu qırıb.

Demokrat.az xəbər verir ki, o, bu nəticəni məktəbində təşkil olunan xüsusi yoxlama zamanı əldə edib. Sınaq zamanı Çetinkaya 5 min rəqəmi cəmi 22 dəqiqə ərzində səhvsiz şəkildə səsləndirib.

Yoxlama prosesi Akdeniz Üniversitesi Riyaziyyat Bölümünün müəllimi Doç. Dr. Levent Karğın və riyaziyyat müəllimi Şükran Doyranın nəzarəti altında keçirilib. Tədbir videoya çəkilərək qeydə alınıb.

Məlumata görə, gənc rekorda hazırlaşmaq üçün təxminən altı ay intensiv məşq edib. O, Pi ədədinin minlərlə rəqəmini yadda saxlamaq üçün xüsusi metoddan istifadə etdiyini bildirib. Çetinkaya rəqəmləri əvvəlcə səhifələrə, daha sonra isə hissələrə və sətirlərə bölərək öyrəndiyini deyib.

Riyaziyyat müəllimi Şükran Doyranın sözlərinə görə, Bilgə Kağan ötən il Dünya Pi Günü münasibətilə keçirilən yarışda yalnız 353 rəqəmi əzbərləmişdi. Daha sonra o, mövcud Türkiyə rekordunu öyrənərək bu göstəricini yeniləməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, əvvəlki rəsmi Türkiyə rekordu Pi ədədinin vergüldən sonrakı 3 min 600 rəqəminin əzbər deyilməsi idi. Bilgə Kağan Çetinkaya isə bu göstəricini 1 400 rəqəm üstələyərək yeni rekorda imza atıb. Gənc istedadın nailiyyəti həm müəllimləri, həm də məktəb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Jalə Demokrat.az

D
demokrat.az