İranın İsfahan vilayətində yenə qeyri-adi hadisələr baş verir. Xomeynişəhr şəhərində Məhərrəm ayının səkkizinci günü xüsusi canlanma yaranıb. Səbəb isə illərdir davam edən məşhur “Cinlər Karvanı” mərasimidir. İştirakçılar qəribə geyimlərlə küçələrə axışaraq tarixi hadisələri canlandırırlar. Bu qəribə mənzərə hər il həm yerli əhalinin, həm də bura gələn qonaqların marağına səbəb olur.
Bəli, XXI əsrdə yaşayırıq. İnsanlar Marsa uçmağa hazırlaşır. Süni intellekt hər gün yeni möcüzə yaradır. Amma qonşuluğumuzda hələ də cinlərlə bağlı rituallar keçirilir. Dünyanın elmlə məşğul olduğu dövrdə bu mənzərə olduqca maraqlı və bir o qədər də təəccüblü görünür. Çoxları bunu sadəcə qədim dini və folklor irsinin bir hissəsi sayır.
Deyəsən, İlon Mask boş yerə kosmik gəmilər düzəldib pulunu göyə sovururmuş. İsfahanın Xomeynişəhr sakini problemi kökündən həll edib. Məhərrəm ayında küçəyə cin paltarında çıxmaqla bəşəriyyətin dərdlərinə çarə tapırlar.
Küçələrdəki bu qorxulu yürüşü görəndə adamın qürurdan gözləri yaşarır. Dünyanın süni intellektlə, kvant fizikası ilə baş sındırdığı vaxtda, bizim qonşular maska taxıb Kərbəla hadisələrindəki cinlərin rolunu canlandırır. Çox böyük, inanılmaz elmi sıçrayışdır!
Təsəvvür edin, gənclər laboratoriyada vaxt itirmək əvəzinə, quyruq və buynuz seçimi ilə məşğuldurlar. Bu gedişlə gələcək nəsillərə Marsda koloniya qurmaq yox, elə cinlərlə qonşu olmaq nəsib olacaq. Axı planetlərarası uçuşlar bu möhtəşəm folklordan daha vacib deyil ki?
Milli irsi qorumaq dediyin bax budur! Uşaqlara fizika öyrətmək yerinə, mistik qüvvələrin varlığını aşılamaq gələcəyə atılan ən böyük addımdır. Yəqin yaxın illərdə bu gənclər cinlərin köməyi ilə iqtisadi böhranları da həll edəcəklər.
Görəsən bu kimi qəribə ənənələr gələcək nəsillərə nə vəd edir? Cavab çox sadədir. Bu gedişlə gələcək nəsillər elmdən, texnologiyadan və real dünyadan tamamilə uzaq düşəcəklər. Marsa köçməyin planlaşdırıldığı dövrdə uşaqlara cin maskası geyindirib küçəyə çıxarmaq gələcəyə deyil, birbaşa keçmişə, qaranlığa doğru addımlamaqdır.
Bu cür ayinlər gənc beyinlərin inkişafını tormozlayır. Onları xurafatın və mövhumatın əsirinə çevirir. Elmə, təhsilə ayrılmalı olan vaxt qorxulu personajların yürüşünə xərclənir. Nəticədə isə cəmiyyət real problemlərin həllini tapmaq əvəzinə mistik qüvvələrdən nəsə gözləməyə başlayır.
Təsəvvür edin ki, gənclər laboratoriyalarda təcrübə aparmaq əvəzinə küçədə cin obrazına girmək üçün növbəyə dayanırlar. Bu cür folklor irsi cəmiyyəti irəli aparmır. Əksinə, insanları real dünyadan qoparıb xəyali qorxuların içinə atır. Gələcək nəsil isə bu mirasla ancaq cəhalətin yeni mərhələsinə qədəm qoya bilər.
Milli dəyər və adət adı altında təqdim olunan bu mənzərələr əslində faciədir. Cəmiyyəti savadsızlığa sürükləyən belə kütləvi tədbirlər həm də böyük maliyyə xərcləri tələb edir. İnsanlar pullarını və vaxtlarını elmi layihələrə deyil, bu qorxulu geyimlərə xərcləyirlər. İqtisadi və sosial problemlərin içində boğulan kütlə beləcə real dünyadan tamamilə uzaqlaşdırılır.
Əsl dini və mənəvi dəyərlər insanı saflaşdırmalı, onun elmi savadını və dünyagörüşünü artırmalıdır. Küçələrdə maskarad düzəldib qorxu atmosferi yaratmaq heç bir inanca sığmır. Bu gedişlə gələcək nəsillər dünya miqyasında rəqabətədavamlı kadrlar deyil, sadəcə mistik nağıllara inanan kütlə ola bilərlər.
Ənənələri qorumaq mütərəqqi dəyərlərə sahib çıxmaqla olmalıdır. İnsanlara qorxu və mistika aşılamaq isə sadəcə kütləni idarə etmək üçün tapılmış köhnə üsuldur. Bu tamaşalar insan təfəkkürünü dondurur. Gələcəyin savadlı gəncliyini formalaşdırmaq üçün onlara cin karvanları deyil, elmi konfranslar və müasir təhsil sistemləri lazımdır.
Aydın Qaraxan Demokrat.az


