Fransa Konqo Demokratik Respublikasından (KDR) qayıdan bir həkimdə Ebola virusunun aşkarlandığını təsdiqləyib. Bu, hazırkı Ebola epidemiyası fonunda Avropada qeydə alınan ilk təsdiqlənmiş yoluxma halı hesab olunur.
Demokrat.az xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, humanitar yardım missiyasından qayıdan həkim dərhal ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib. Rəsmilər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Konqo Demokratik Respublikasında ötən ay Ebola epidemiyası elan olunmuşdu. Mütəxəssislər hesab edirlər ki, virus epidemiyanın rəsmi elan edilməsindən bir neçə həftə əvvəl də aşkarlanmadan yayılmış ola bilər.
Mərkəzi Afrika ölkəsində indiyədək 260-dan çox insanın Ebola səbəbindən həyatını itirdiyi, təxminən 1000 nəfərin isə virusa yoluxduğu bildirilir.
Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma halı və 65 ölüm faktı qeydə alındıqdan sonra 15 may tarixində ölkədə Ebola epidemiyası elan olunub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 17 mayda yenidən yayılan Ebola epidemiyası ilə əlaqədar beynəlxalq ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib.
Səhiyyə qurumlarının məlumatına görə, hazırkı epidemiya Ebola virusunun nadir formalarından biri olan “Bundibugyo” ştammı ilə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, bu virus variantına qarşı hazırda təsdiqlənmiş spesifik müalicə üsulu və ya peyvənd mövcud deyil.
Qeyd edək ki, Ebola yüksək ölüm göstəricisi ilə xarakterizə olunan virus xəstəliyidir və əsasən yoluxmuş şəxslərin qanı və digər bədən mayeləri ilə təmas nəticəsində yayılır.
Jalə Demokrat.az


