Bakının Sabunçu rayonunda yerli sakinləri heyrətləndirən hadisə qeydə alınıb. Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyi ərazisindəki məişət tullantıları sahəsində baxımsız vəziyyətdə minik maşını tapılıb. Zibillikdə tərk edilən "Chevrolet Cobalt" markalı avtomobil hər kəsin diqqətini çəkib.
Həmin ərazidə yaşayan sakinlər nəqliyyat vasitəsinin uzun müddətdir orada qaldığını bildirirlər. Tapılan avtomobilin dövlət qeydiyyat nişanı üzərində yoxdur. Eyni zamanda maşının şüşələrinin bir hissəsinin qırıq olması diqqət çəkir. Müəmmalı şəkildə zibilliyə atılan nəqliyyat vasitəsinin kimə məxsus olduğu hələlik müəyyən edilməyib.
Məlumatsız şəxslərin maşını bura hansı məqsədlə gətirdiyi maraq doğurur. Hazırda avtomobilin sahibinin tapılması istiqamətində araşdırma aparılır. Nəqliyyat vasitəsini tanıyan, sahibi və ya hadisə ilə bağlı hər hansı məlumata malik olan şəxslərdən dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermələri xahiş olunur.(Yeni Musavat)
Demokrat.az


