Cəmiyyət Özəl

"Deputatlıq fəaliyyətimdə süni intellektdən istifadə etməyə çalışıram"

Deputatlıq fəaliyyətimdə süni intellektdən istifadə etməyə çalışıram

Süni intellekt artıq gündəlik həyatın müxtəlif sahələrinə sürətlə inteqrasiya olunur və insanların iş, təhsil və kommunikasiya vərdişlərini əsaslı şəkildə dəyişir. Xüsusilə xidmət sektorunda avtomatlaşdırma prosesləri sürətlənir, bu isə həm məhsuldarlığı artırır, həm də bəzi peşələrdə iş yerlərinin azalması ilə bağlı narahatlıqlar yaradır. Təhsil və səhiyyə sahəsində süni intellekt daha dəqiq analizlər apararaq qərarvermə prosesini asanlaşdırır və xidmət keyfiyyətini yüksəldir. Bununla yanaşı, şəxsi məlumatların qorunması və kiber təhlükəsizlik məsələləri daha aktual xarakter alır. Süni intellektin təsiri həm müsbət, həm də mənfi tərəfləri ilə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməkdədir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı şəxsi mülahizələrini Demokrat.az ilə bölüşərkən ölkədə informasiya texnologiyaları və rəqəmsal platformaların yayılmağa başladığı ilk dövrlərdən bu istiqaməti diqqətdə saxladığını qeyd edib.

“Düzdür, həmin istiqamətdə özümü güclü mütəxəssis hesab etmirəm, lakin onun imkanlarından deputatlıq və pedaqoji fəaliyyətimdə istifadə etməyə çalışıram. Açığı, süni intellektin həyatımıza necə daxil olduğunu xüsusi olaraq hiss etməmişəm. Sadəcə olaraq, indi hamı kimi onun geniş imkanlarının fərqindəyik. Gündəlik olaraq hər hansı məlumatı daha dərindən öyrənmək lazım gəldikdə internetdə sorğu verir və həmin məlumatları oradan əldə edirik. Eyni zamanda, süni intellektin müsbət tərəflərinin çox olduğunu düşünürəm. Mənfi tərəfi isə bəzi insanların bütün işi süni intellektə həvalə edib öz üzərlərində az işləməsi ilə bağlı ola bilər. Bu baxımdan ehtiyatlı yanaşmaq lazımdır.

Ümumilikdə isə süni intellekt bəşəriyyətin bu gün əldə etdiyi ən yüksək nailiyyətlərdən biri hesab oluna bilər. Onun gündəlik həyatın qurulmasında və gələcək planların formalaşdırılmasında çox böyük rolu var”.

Leyla Turan Demokrat.az

D
demokrat.az