Qax rayonunda tanışlar qadın üstündə dava ediblər.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qax şəhəri, Azərbaycan prospektində yerləşən “Sahil” parkının kənarında baş verib.
1984-cü il təvəllüdlü Təhməz tanışı Vüsal (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında Təhməzin kafesinə işləməyə gələn qadın ofisianta Vüsalın başqa bir iş təklif etməsi səbəbindən mübahisə yaranıb.
Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təhməz Vüsalın öncə baş nahiyəsinə qəsdən yumruqla bir dəfə vurub. Sonra bel nahiyəsindən tutaraq qaldırıb bir dəfə yerə çırpıb.
Faktla bağlı Təhməzin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Qax Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Hakim hökm çıxaran zaman bu halları nəzərə alıb.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


