Kriminal Özəl

Yas yerindəki bir boşqab ehsana görə məhkəməlik oldular — Pol taxtası ilə döydü

Yas yerindəki bir boşqab ehsana görə məhkəməlik oldular — Pol taxtası ilə döydü

Goranboy rayonunda keçmiş qudalar arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə rayonun Yeni Veyisli qəsəbəsində qeydə alınıb. Sakinlərdən Aydan keçmiş əri Rəvanla boşandıqdan sonra tərəflər arasında mübahisə yaranıb. Hadisə günü Aydanın anası Nüşabə ilə Rəvanın anası Rəqsanə mübahisə edib. Bu zaman Nüşabə Rəqsanəni vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Demokrat.az xəbər verir ki, iş üzrə izahat verən Nüşabə qızının mütəmadi döyüldüyünə görə boşandığını bildirib. Onun sözlərinə görə yas mərasimində Rəqsanə ilə rastlaşıb və onlardan əl çəkmələrini tələb edib. Bu zaman qarşı tərəf onun saçından tutaraq arxaya çəkib. Nüşabə özünü müdafiə etmək məqsədilə onun saçından tutduğunu, lakin zor tətbiq etmədiyini deyib.

"Evdə olduğum zaman Rəqsanənin oğlu Rəvan gələrək mənə hücum etmək istədi. Məni əlindəki ağacla vurmağa çalışdı. Mən isə özümü müdafiə etmək məqsədilə evdə olan pol ağacından istifadə etdim. Nəticədə həmin ağac qırıldı"

Zərərçəkmiş Rəqsanə isə fərqli ifadə verərək qonşuluq münasibətlərinin korlandığını vurğulayıb. Onun sözlərinə görə yas yerindən Nüşabənin qızına ehsan göndərilib, lakin evdə kimsə olmadığı üçün yemək geri qayıdıb. Rəqsanə bu hadisədən sonra qonşusu Baharın evinə getdiyini və Nüşabənin qəfil ora daxil olduğunu bildirib.

"Nüşabə mənə nalayiq sözlər dedi və rəhmətlik anamı təhqir etdi. Səbəbini soruşduqda qızına niyə yas yerindən ehsan göndərdiyimi soruşdu. Belə bir hərəkət etmədiyimi desəm də, üzərimə hücum edərək dırnaqları ilə üzümü cırmaqladı. Özümü müdafiə etmək üçün saçından tutdum. Bu zaman o, üzümə şillə vurdu və burnumdan qan gəldi"

Goranboy Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmayıb. Qanunvericiliyin müvafiq maddəsi tətbiq edilməklə Nüşabə cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova