Siyasət Özəl

"Daş qayaya rast gəlib" — Nüvə müharibəsi təhlükəsi yaranır

Daş qayaya rast gəlib — Nüvə müharibəsi təhlükəsi yaranır

Rusiya ilə Ukrayna arasında son günlərdə baş verən qarşılıqlı hücumlar və hərbi əməliyyatların intensivləşməsi münaqişənin yenidən qızışdığı barədə müzakirələri artırıb. Xüsusilə hər iki tərəfin strateji obyektlərə endirdiyi zərbələr və sərt bəyanatlar beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirib ki, Rusiya-Ukrayna müharibəsi getdikcə daha sərt çalarlar qazanır:

“Bu isə heç də müsbət istiqamət deyil. Çünki həm infrastrukturun dağıdılması, həm yaşayış evlərinin vurulması, həm də insan itkiləri onu göstərir ki, tərəflər hazırda nə atəşkəs, nə də sabitlik barədə ciddi düşünürlər. Görünən odur ki, burada artıq daş qayaya rast gəlib. Müharibənin əvvəlində Rusiyanın müəyyən psixoloji üstünlüyü var idisə, indi Qərbin dəstəyi ilə Ukrayna vəziyyətdə dönüş yaratmağa nail olur. Ən azı təşəbbüsü tamamilə əldən vermir. Biz görürük ki, Volodimir Zelenski müxtəlif beynəlxalq platformalardan fəal şəkildə istifadə edir. O, həm görünməyə, həm də ölkəsi adından çıxış edərək Ukraynanın işğala məruz qaldığını, Rusiyanın isə onun ərazilərini zəbt etdiyini dünyaya çatdırmağa çalışır”.

O deyib ki, bu yolla Zelenski bir tərəfdən daha güclü beynəlxalq dəstək qazanmağa, digər tərəfdən isə siyasi və mənəvi legitimliyini qorumağa çalışır:

“Eyni zamanda Ukraynanın həm silah-sursat, həm də maddi yardım əldə etməsi baxımından bu fəaliyyət mühüm əhəmiyyət daşıyır. Artıq aydındır ki, bu qarşıdurmada yalnız Rusiya və Ukrayna iştirak etmir. Burada Ukrayna ilə yanaşı, maraqları olan digər dövlətlər də mövcuddur. Xüsusilə Qərb ölkələri, əsasən də Avropa dövlətləri prosesə ciddi şəkildə cəlb olunublar. Donald Tramp ilə bağlı bəzi siyasi amillər səbəbindən Amerika Birləşmiş Ştatları bu prosesdə müəyyən məsafə saxlayır kimi görünə bilər. Lakin ABŞ daxilində müxtəlif siyasi dairələr mövcuddur və onların bir çoxu Avropa ölkələri kimi Ukraynanı dəstəkləyir. Onlar həm çağırışlar edir, həm də Ukraynanın tək qalmaması üçün siyasi mövqe sərgiləyirlər. Çünki bu ölkələrin geosiyasi çəkisi, iqtisadi gücü və potensialı bir-birindən fərqlənir. Bütün bu mənzərədə ən təhlükəli məqamlardan biri nüvə silahından istifadə ehtimalıdır. Burada Rusiya siyasətinin aparıcı simalarından biri sayılan akademik Karaganovun adı xüsusilə ön plana çıxır. Onun səsləndirdiyi fikirlər göstərir ki, gərginlik yalnız konvensional müharibə çərçivəsi ilə məhdudlaşmaya bilər. Bu ehtimal isə beynəlxalq ictimaiyyət üçün ən ciddi narahatlıq doğuran məsələlərdən biridir.

Beləliklə, Sergey Karaganov Rusiyanın xarici siyasətinin əsas müəlliflərindən, daha doğrusu, bu siyasətin memarlarından biridir. Ümumiyyətlə, təhlükəsizlik konsepsiyasının hazırlanmasında və Rusiya dövlətinin xarici siyasət doktrinasının formalaşmasında onun xüsusi rolu, sözü və iştirakı var. O, son müsahibələrinin bir neçəsində Ukrayna məsələsində nüvə başlıqlarından istifadə ehtimalını istisna etmədiyini bildirib. Hətta qeyd edib ki, zərurət yaranarsa, Avropanın bəzi mərkəzləri taktiki silahlarla hədəfə alına bilər ki, hamı anlasın ki, Rusiya ilə təhdid və güc dili ilə danışmaq mümkün deyil. Karaganov xüsusilə vurğulayır ki, Avropanın bu proseslərdə iştirakı danılmazdır. Onun fikrincə, Avropa Rusiyanı zəiflətməyə, hətta onun çökməsinə yönəlmiş siyasət aparır. O bildirir ki, Rusiya bütün bu proseslərdən xəbərdardır və geri çəkilməmək, eləcə də planlarını həyata keçirmək üçün kifayət qədər imkan və resurslara malikdir”.

Politoloq sonda vurğulayıb ki, Karaganov bu məsələdə daha sərt mövqedən çıxış edir:

“Halbuki bu, son dərəcə məsuliyyətli bir mövzudur. “Silahımız var, istifadə edəcəyik” demək asan görünə bilər, amma onun nəticələrini də nəzərə almaq lazımdır. Verilən bəyanatların məsuliyyəti də ciddi şəkildə qiymətləndirilməlidir. Bu baxımdan hesab edirəm ki, dövlət başçısı Vladimir Putin daha ehtiyatlı davranmalıdır ki, mövcud problemlər daha da dərinləşməsin. Artıq gərginliklər artır və siyasi dairələrin, ilk növbədə isə diplomatiyanın əsas vəzifəsi bu qarşıdurmanın daha da kəskinləşməsinə yol verməməkdir. Əgər buna nail olunarsa, müəyyən mənada daha sabit bir vəziyyətə ümid etmək olar”.

Beləliklə, Rusiya və Ukrayna cəbhəsindəki son hərbi canlanma münaqişənin yaxın zamanlarda siyasi müstəviyə keçməyəcəyini, əksinə qarşıdurmanın daha qlobal xarakter alacağını sübut edir. Qərbin dəstəyi ilə balansın qorunması fonunda Rusiyanın bəzi aparıcı siyasi dairələrinin, xüsusən də Karaganovun dilindən səslənən taktiki nüvə təhdidləri beynəlxalq təhlükəsizliyi birbaşa təhdid edir. Mövcud vəziyyətdə nüvə ritorikasının reallığa çevrilməməsi üçün böyük güclərin diplomatiyanı ön plana çıxarması və təmkinli davranması regional faciələrin qarşısını alacaq yeganə effektiv çıxış yoludur.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova