Cəmiyyət Özəl

"Qanunsuz olmayan şeyi qadağan etmək hüquqi baxımdan mümkün deyil"

Qanunsuz olmayan şeyi qadağan etmək hüquqi baxımdan mümkün deyil

Son illərdə estetik müdaxilələrə maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə “Instagram” və “TikTok” kimi sosial platformalarda məşhurların və fenomenlərin keçirdikləri estetik əməliyyatları açıq şəkildə paylaşması bu tendensiyanı daha da gücləndirir. Mütəxəssislər hesab edir ki, bu cür paylaşımlar bir tərəfdən estetik prosedurları normallaşdırsa da, digər tərəfdən insanlarda xarici görünüşlə bağlı psixoloji təzyiq yaradır. Nəticədə, maddi imkanı məhdud olan bəzi şəxslər daha ucuz, lakin təhlükəli xidmət göstərən salon tipli məkanlara üz tutur və bu da bəzən ağır fəsadlara, hətta faciəvi nəticələrə səbəb olur. Bəs fenomenlərin estetik prosedur reklam etməsinə hüquqi məhdudiyyət tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bununla bağlı hər hansı qadağa tətbiq etmək doğru olmaz:

“Bu, hər kəsin şəxsi seçimidir. İnsan özü üçün kimisə nümunə seçə bilər. İndi söhbət tanınmışlardan, məşhurlardan gedirsə, bu yeni məsələ deyil. Məsələn, əvvəllər televiziyada bəzi tanınmış müğənnilər açıq şəkildə deyirdilər ki, məktəbdə oxumamışıq, dərsdən qaçmışıq. Bu da gənclər üçün bir növ yanlış nümunə idi, sanki oxumaq vacib deyil mesajı verilirdi. Estetik əməliyyat da qanunsuz bir şey deyil. Qanunsuz olmayan bir şeyi qadağan etmək hüquqi baxımdan mümkün deyil. Sadəcə burada əsas məsələ cəmiyyətin maarifləndirilməsidir. Ailədə uşaqlara düzgün tərbiyə verilməlidir ki, məşhurlara kor-koranə nümunə kimi baxmasınlar. Şou-biznes əhli tarix boyu daha çox insanları əyləndirən kəsim kimi qəbul olunub. Son onilliklərdə onların cəmiyyətə fikir verən, yol göstərən insanlar kimi təqdim olunması artıb. Amma bir insanın aktyor, müğənni və ya idmançı olması onun avtomatik olaraq hər sahədə nümunəvi şəxs olduğu anlamına gəlmir. Məsələn, aktyor yaxşı aktyor ola bilər, amma bu, onun şəxsi həyatdakı düşüncələrinin də hamı üçün örnək olması demək deyil. Təəssüf ki, bu gün internet və televiziya xüsusilə gənclərin düşüncəsinə ciddi təsir göstərir. Kitab oxumağa maraq azalır, diqqət daha çox şou-biznes dünyasına yönəlir. Bu isə artıq mənəvi və tərbiyəvi məsələdir. Mən demirəm ki, şou-biznesdə və ya idmanda intellektual, dünyagörüşlü insanlar yoxdur. Əlbəttə var. Amma reallıq budur ki, əksəriyyət belə deyil”.

O deyib ki, estetik əməliyyatlara gəlincə, tibbi zərurət olduqda məsələn, ciddi qüsur və ya deformasiya varsa bu, anlaşılandır:

“Amma bu gün gördüyümüz mənzərə daha fərqlidir. İnsanlar yeri gəldi-gəlmədi dodaq böyütdürür, burun formasını dəyişdirir, müxtəlif prosedurlara üz tuturlar. Bu artıq çox zaman ehtiyacdan yox, diqqət cəlb etmək istəyindən qaynaqlanır. Yəni insan özünü ağlı, biliyi ilə deyil, daha çox zahiri görünüşü ilə ön plana çıxarmağa çalışır. Təəssüf ki, maddi imkanı olsa da, olmasa da, bir çox insan bu axının arxasınca gedir. Burada ciddi maarifləndirməyə ehtiyac var. İnsanlara izah edilməlidir ki, hər estetik trendin arxasınca getmək vacib deyil. Bu təsir xüsusilə qadınlarda daha çox hiss olunur. Çünki onlara davamlı olaraq müəyyən gözəllik standartları aşılanır guya burun belə olmalıdır, dodaq belə olmalıdır, mütləq çox arıq olmaq lazımdır. Halbuki bunların böyük hissəsi təbii meyardan çox, bazarın və reklamın yaratdığı stereotiplərdir. Moda sənayesi, reklamlar və sosial media müəyyən görünüş modellərini ideal kimi təqdim edir. Bu da insanların beyninə yeridilir. Halbuki gözəllik tək bir qəlibə sığmır. Ona görə də burada əsas məsələ yenə maarifləndirmə, sağlam düşüncə və fərdi özünüdərkdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova