Türkiyənin İstanbul şəhərinin Adalar Bələdiyyəsində rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, İstanbul Anadolu Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində Adalar Bələdiyyəsinin sədri Ali Ercan Akpolat, sədr müavinləri Hüseyn Yılmaz və Fırat Durak da daxil olmaqla ümumilikdə 47 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Polis əməkdaşları İstanbul başda olmaqla 4 vilayətdə 90 ünvanda eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı çoxsaylı rəqəmsal materiallar götürülüb. İlkin məlumata görə, saxlanılan şəxslər təbii və arxeoloji qoruq statusuna malik Adalar bölgəsində qanunsuz tikililərə və obyektlərə rüşvət müqabilində icazə verməkdə şübhəli bilinirlər.
Prokurorluğun açıqlamasında bildirilir ki, bələdiyyə rəsmiləri tarixi abidə statusunda olan tikililərdə aparılan əsaslı yenidənqurma işlərini "sadə təmir" kimi rəsmiləşdirərək buna göz yumublar. Həmçinin lisenziyası olmayan obyektlərə rüşvət qarşılığında fəaliyyət icazəsi verildiyi, qanunsuz tikililərə formal cərimələr tətbiq edilərək sonradan həmin cərimələrin saxta sənədlərlə azaldıldığı iddia olunur.
İstintaq zamanı mobil rabitə məlumatları və maliyyə əməliyyatlarını əks etdirən hesabatlar da araşdırılıb. Toplanan sübutlar əsasında 40 ayrı epizod üzrə 47 nəfərin cinayət əməllərində iştirak etdiyi müəyyənləşdirilib.
Həmçinin Jandarma qrupları səhər saatlarında Mersindəki Silifke Bələdiyyəsində də əməliyyat keçirib. Əməliyyatda zamanı bələdiyyə sədri Mustafa Turqut və bəzi idarəçilər də daxil olmaqla çoxsaylı şəxs saxlanılıb. Jandarma qrupları bələdiyyə binasında axtarış aparır.
Jalə Demokrat.az


