Mütəxəssislər yay mövsümündə açıq havada vaxt keçirən şəxslərə yoluxucu xəstəliklər və bakteriyalarla bağlı ciddi xəbərdarlıq ediblər.
Demokrat.az xəbər verir ki, ABŞ-ın İndiana Universitetinin mikrobiologiya üzrə professoru Bill Sallivan meşələrdə, su hövzələrində və qidalarda gizlənən infeksiya risklərini açıqlayıb. Alimin sözlərinə görə, yay infeksiyalarından qorunmaq üçün bir neçə vacib qaydaya əməl olunmalıdır:
Çiy ətlə təması kəsin: Manqal hazırlayarkən çiy ətin digər qidalara toxunmasına icazə verməyin, çünki bu ətlər "Salmonella" və "E. coli" kimi təhlükəli bakteriyaların mənbəyidir.
Hamilə qadınlar xüsusilə qorunmalıdır: Çiy ətdə və pişik nəcisində tapılan "Toxoplasma" paraziti düşüklərə və ya körpədə anadangəlmə qüsurlara səbəb ola bilər. Bağçılıqla məşğul olarkən mütləq əlcək geyinilməlidir.
Təbii suları qaynatmadan içməyin: Düşərgə və ya yürüş zamanı təmiz görünən bulaq sularında mədə-bağırsaq infeksiyalarına yol açan parazitlər ola bilər; su mütləq qaynadılmalı və ya süzülməlidir.
Həşəratlara qarşı qoruyucu vasitələrdən istifadə edin: Ağcaqanadlar və gənələr Laym xəstəliyi, Qayalı Dağlar qızdırması və Zika virusu kimi ağır fəsadlar yayan xəstəliklərin daşıyıcısıdır.
Jalə Demokrat.az


