Kriminal Özəl

"Yedik-içdik, hesabı istəyəndə dava düşdü, bıçaqladım"

Yedik-içdik, hesabı istəyəndə dava düşdü, bıçaqladım

Göygöl rayonunda restoranda dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunun Toğanalı kəndində yerləşən “Gözəl məkan” restoranının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Emin orada tanışı Azərlə rastlaşıb. O, həmin vaxt Azərin borcunu tələb edərkən nalayiq ifadələr işlətməsini bəhanə gətirib, bunun üçün heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan xuliqanlıq hərəkətləri edib.

Emin bu hərəkətlərinin davamında Azəri nalayiq ifadələrlə söyüb, təhqir edib, sonra isə özü ilə gətirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan, silah qismində istifadə etdiyi kəsici-deşici aləti göstərib.

Daha sonra Azərin üzərinə hücum çəkib və qəsdən onun sinə nahiyəsinə, sağ qol nahiyəsinə və qasıq nahiyəsinə zərbələr vuraraq xəsarətlər yetirib.

Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisə Göygöl rayonunun Toğanalı kəndində yerləşən “Gözəl məkan” restoranından çıxan zaman baş verib:

“Restorandan çıxan zaman qarşılaşdıq. Hər ikimiz tək idik. Azərə 15 manat borcum var idi. Restoranda mənim əvəzimə hesabı ödəmişdi. Azər pulu istəyəndə aramızda mübahisə yarandı, mənə söyüş söydü. Üzərimdə olan balaca bıçaqla onun qoluna vuraraq xəsarət yetirdim. Azəri əvvəldən tanıyıram, bir kəndliyik”.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə Emin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova