Sosial Özəl

Bakıda “gizlənən” işıqforlar — İnsan həyatını təhlükəyə atan kimlərdir?

Bakıda “gizlənən” işıqforlar — İnsan həyatını təhlükəyə atan kimlərdir?

İşıqforun funksiyası yol hərəkətinin təhlükəsizliyini təmin etməkdir. Yol qovşaqlarında, piyada keçidlərində, bir sözlə nəqliyyatın idarə edilməsində işıqfor əsas açar, əvəzedilməz vasitədir. Bütün dünyada, o cümlədən, Azərbaycanda işıqforların quraşdırılması standartları eynidir. Yol hərəkətini tənzimləmək funksiyasını yerinə yetirən işıqforlar həm sürücülərin, həm piyadaların görə bildiyi yerlərdə quraşdırılmalı, yaşıl, sarı və qırmızı işıqlar aydın sezilməlidir. Bu qaydalar “Yol hərəkəti haqqında” qanunda da öz əksini tapır.

Reallıqda bu qaydalara əməl olunurmu?

Son dövrlər paytaxt və ətrafında sürücülərin üzləşdiyi problemlər bu sualı aktuallaşdırıb. Paytaxtın müxtəlif küçələrində işıqforların ağacların arasında quraşdırıldığı halları qeydə alınıb.

Ümumiyyətlə, bu problem əvvəldən mövcud olub. Mediada və açıq mənbələrdə yayılan məlumatlara, faktlara nəzər yetirdikdə məlum olur ki, məsələ zaman-zaman aktuallaşsa da, köklü həll yolları tapılmayıb, yaxud məqsədyönlü şəkildə həll edilməyib.

Ağacların arxasında “gizlənən” işıqforlar faktiki olaraq, yol hərəkətini təhlükə altına atır və bu, təkcə sürücülərin yox, piyadaların da həyatı üçün risklidir. Yol qovşağında işıqforun görünməyən yerdə quraşdırılması, belə demək mümkünsə, “gizlənməsi”nin yaratdığı minimum təhlükə sürücünün qırmızı işıqda keçməsi, yəni yol hərəkət qaydasını pozmasıdır. Bu hallarda yol hərəkət qaydasını pozan sürücünün günahı varmı?

Belə çıxır ki, sürücülər “gizlənən” işıqforları axtarmalı, tapmalı və qaydalara əməl etməlidir?!

Absurd mənzərə yaranır: sürücü “gizlənən” işıqforu görməyibsə və yol hərəkət qaydasını pozubsa, qanun cəzalanmasını tələb edir, amma reallıqda günah sürücüdə deyilsə, o zaman hansı addım atılmalıdır?!

İndiyə qədər aidiyyəti qurumları məsələyə aydınlıq gətirməyib, hətta problem zaman-zaman mediada işıqlandırılsa da. Lakin məsələ təkcə qayda pozuntusu və cərimələrdən ibarət deyil. Çünki işıqforların “gizlənməsi”nin yaratdığı maksimal təhlükə sürücülərin də, piyadaların da həyatına riskin yaranmasıdır. Əgər sürücü, yaxud piyada şanslıdırsa, baş verə biləcək yol nəqliyyat hadisəsindən yaralı xilas ola bilər, əks-təqdirdə, ölüm riski yüksəkdir. Yəni aidiyyəti qurumlar problemi həll etmək əvəzinə, işıqforların “gizlənməsi” məsələsini şansa buraxıb.

İşıqforun görünməyən yerdə quraşdırılmasının nəticələri aydındır:

- Yol nəqliyyat hərəkətinin tənzimlənməsi ilə bağlı qanunvericilik pozulur.

- Hərəkətin təhlükəsizliyi təmin olunmur.

- Sürücülərin də, piyadaların da həyatına təhlükə yaranır.

Problemin kökündə nələrin dayandığı da maraqlıdır. Beynəlxalq standartlara və qanunvericiliyə görə, işıqforlar görünən yerlərdə quraşdırılmalıdır. Lakin reallıqda bir çox yol qovşağında, yaxud piyada keçidi olan yerlərdə işıqforlar ağacların arxasında “yoxa çıxır”. Bu iki səbəbdən qaynaqlanır: ya nəqliyyatın idarəedilməsi işində işıqforların yerləri bəlli bir xəritəyə əsasən quraşdırılır və bu zaman, ərazinin əlverişli olub-olmadığını müəyyənləşdirmək üçün baxış keçirilmir, ya da ağacların arxasında quraşdırılan işıqforların baxımı həyata keçirilmir, yəni yaz-yay fəsilində ağacların budanması işinə laqeyd yanaşılır.

Problemin köklü həlli işıqforların ağacların arxasında quraşdırılmamasıdır, lakin bu baş verirsə, o zaman, mütəmadi olaraq, budaqlar kəsilməli, görüntü təmin edilməlidir. Aidiyyəti qurumlar bunun heç birini etmir, hətta etdikləri haqqında açıqlamalar verilsə belə, reallıqda problem davam edir.

Problem qarşısında cəmiyyət belə qənaətə gəlir ki, işıqforlar məqsədli şəkildə ağacların arxasında quraşdırılır, sürücülərin, piyadaların görməməsi üçün budanma işi aparılmır. Yəni bilərəkdən gizlədilir. Bununla da “gizlənən” işıqforu görməyən sürücülər cərimələnir.

Sual yaranır: Aidiyyəti qurumlar cərimə sayının artırmaq məqsədilə insan həyatını niyə təhlükəyə atır?

Problemin həll edilməməsi cəmiyyətdə belə suallar yaranmasına səbəb olub. Aidiyyatı qurumlar ya məsələyə aydınlıq gətirməli, ya da “gizlənən” işıqforların yerini müəyyən edərək, problemi kökündən həll etməlidir.

Vaqif Hüseynli Demokrat.az

NE
Nihadə Eyyubova