Cəmiyyət Özəl

Məktəblərdə nizam-intizam qaydaları güclənir

Məktəblərdə nizam-intizam qaydaları güclənir

Milli Məclisdə müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna yeni dəyişikliklər dövlət məktəblərində nizam-intizamın hüquqi əsaslarını gücləndirir. Yeni qaydalar həm şagirdlərin, həm də müəllimlərin geyim tələblərinə riayət etməsini qanunvericilik müstəvisinə gətirir.

Demokrat.az xəbər verir ki, bu addım təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsinə xidmət edir. Layihə məktəblərdə peşəkar iş mühitinin və akademik ab-havanın formalaşdırılması məqsədilə hazırlanıb.

Dəyişikliklər təhsil mühitinə uyğun olmayan və diqqəti yayındıran vizual elementlərin minimuma endirilməsini nəzərdə tutur. Vahid yanaşma uşaqların maraqlarının qorunmasına və məktəb mühitinin neytrallığına kömək edəcək.

Məktəbli forması və müəllimlərin işgüzar üslubu sosial-iqtisadi fərqlərin vizual təsirlərini azaldır. Bu təcrübə həm də kollektivə aidlik və korporativ mədəniyyət hissini artırır.

Qanun müəllimlər üçün dərhal konkret forma tətbiq edilməsi anlamına gəlmir. Yenilik sadəcə hüquqi əsas yaradır, konkret normativlər isə aidiyyəti dövlət qurumu tərəfindən müəyyənləşəcək.

Prosesdə ailə və məktəb əməkdaşlığının gücləndirilməsi mühüm rol oynayır. Valideynlərin qaydalara dəstəyi uşaqların məktəb mühitinə daha rahat adaptasiyasına imkan verəcək.

Demokrat.az

NE
Nihadə Eyyubova