Maraqlı Özəl

7 təhlükəli cihaz: Evdə olmadığınız zaman onları cəryanda saxlamayın

7 təhlükəli cihaz: Evdə olmadığınız zaman onları cəryanda saxlamayın

Bəzi məişət cihazları hətta bir neçə gün evdə olmayanda belə şəbəkəyə qoşulu qalmalıdır. Məsələn, soyuducular qidaların xarab olmaması üçün işləməyə davam etməlidir. Lakin toster və qəhvəbişirən kimi daha az stasionar cihazlar barədə vəziyyət fərqlidir.

Demokrat.az xəbər verir ki, təhlükəsizlik risklərini daha yaxşı anlamaq üçün CNET nəşri “Red Dog Engineering” şirkətinin baş elektrik mühəndisi Cerri Puna müraciət edib. O bildirib ki, bəzi cihazlar digərlərinə nisbətən daha yüksək risk daşıyır.

“Qızan, çox enerji sərf edən və ya şübhəli naqilə sahib olan hər bir cihazı cəryandan çıxarmaq mənim qızıl qaydadır. Bu, təhlükəsizlik üçün formalaşdıra biləcəyiniz ən sadə vərdişdir”, deyə Cerri Pun vurğulayıb.

7 cihaz hansılardır və niyə risklidir

Bəzi aşağı güclü elektronika cihazları – telefon şarj cihazları, zəngli saatlar və noutbuklar – adətən şəbəkədə qala bilər. Lakin yüksək risk daşıyan cihazlar ayrıca diqqət tələb edir. Mütəxəssis qeyd edir ki, ən çox problem yüksək enerji sərf edən cihazların köhnə və ya ucuz uzatma kabellərinə qoşulub nəzarətsiz qalması zamanı yaranır.

Qızdırıcılar

Qızdırıcılar siyahının ən başında gəlir. Yanlış istifadə edildikdə ciddi yanğın riski yaradır.

“National Fire Protection Association” məlumatına görə, 2019–2023-cü illər arasında ABŞ-da yaşayış evlərində istilik avadanlıqları ilə bağlı on minlərlə yanğın qeydə alınıb və onların əhəmiyyətli hissəsi qızdırıcıların payına düşüb.

Təhlükəsizlik üçün qızdırıcılar heç vaxt uzatma kabelinə qoşulmamalı və istifadə olunmadıqda rozetkadan çıxarılmalıdır.

Aerogrilər

Mətbəxdə faydalı olsa da, aerogrilər də qızdırıcılar kimi riskli hesab olunur. Onlar istifadə olunmadıqda belə rozetkada saxlanmamalıdır.

"Söndürülüb" hər zaman "təhlükəsiz" demək deyil. Bəzi cihazlarda söndürülmüş vəziyyətdə belə elektrik axını qalır”, deyə Cerri Pun bildirib.

Portativ kondisionerlər

Bu cihazlar yüksək enerji sərf edən kateqoriyaya daxildir. Birbaşa istilik yaratmasalar da, evdən çıxarkən mütləq şəbəkədən ayrılmalıdır.

Saç düzləşdirən və formaya salan cihazlar

Fenlər, saç ütüləri və buruq aparatları söndürülmüş olsa belə rozetkada qalmamalıdır. Çünki söndürmə düyməsi nasazlıq verə bilər və bu da risk yaradır.

Köhnə qəhvəbişirənlər

Avtomatik söndürmə funksiyası olmayan köhnə qəhvəbişirənlər daha təhlükəlidir. Unudulduqda həddindən artıq qızma baş verə bilər.

İstifadədən sonra şəbəkədən çıxarmaq əlavə təhlükəsizlik qatıdır.

Lampalar və köhnə naqilli cihazlar

Köhnə və ya zədələnmiş naqillər yanğın riskini artırır. Eyni hal köhnə rozetkalara da aiddir. Mütləq sertifikatlı elektrik mütəxəssisi tərəfindən dəyişdirilməlidir.

Tosterlər

Qəhvəbişirənlər kimi tosterlər də nisbətən aşağı riskli görünsə də, qısaqapanma ehtimalı hər zaman mövcuddur. Buna görə də istifadə edilmədikdə rozetkadan çıxarılması tövsiyə olunur.

“Qısası, istilik yaradan və ya mühərrikli cihazları evdən çıxarkən heç vaxt şəbəkədə saxlamıram”, deyə Pun əlavə edib.

Kiçik elektronika cihazları

Kompüter monitorları, telefon şarj cihazları, televizorlar və zəngli saatlar adətən aşağı riskli sayılır və düzgün vəziyyətdə olduqda şəbəkədə qala bilər.

“Onlar az enerji sərf edir və naqillər, rozetkalar normal vəziyyətdədirsə, yanğın riski yaratmır”, deyə mütəxəssis bildirib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova