Kriminal Özəl

Bakıda dayanacaqda ərini başqa qadınla görən arvadı görün nə etdi — Təfərrüat

Bakıda dayanacaqda ərini başqa qadınla görən arvadı görün nə etdi — Təfərrüat

Bakının Qaradağ rayonunda 36 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 22-də rayonun Lökbatan qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü Daşqın həmin gün saat 16:30-da birgə yaşadıqları mənzildə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadı Fatimənin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyələrinə əlləri ilə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bundan başqa, o, həmin ilin iyunun 6-da, saat 8 radələrində 174 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların Lökbatan qəsəbəsi, 28 May küçəsindəki dayanacağında Fatimənin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə əlləri ilə vurub.

İş üzrə izahat verən Daşqın bildirib ki, 2011-ci ildə rəsmi olaraq Fatimə ilə rəsmi nikah qeyd ediblər və ailə həyatı qurublar:

“Əvvəllər bizim normal münasibətlərimiz olsa da, sonradan münasibətlərimiz pozuldu. Son zamanlar arvadım heç bir əsaslı səbəb olmadan qısqanclıq zəminində mübahisələr yaradaraq mənimlə mübahisələr etdi”.

Təqsirləndirilən şəxs deyib ki, ötən ilin martın 22-də arvadı Fatimə yaşadıqları evdə onunla mübahisə yaradıb:

“Bu zaman əsəblərimə sahib çıxa bilmədim, əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onu döydüm. Bundan başqa, eyni məzmunlu mübahisəmiz ilə bağlı olaraq, iyunun 6-da, saat 8 radələrində 174 saylı avtobusların Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən dayanacağında aramızda yaranmış mübahisə zamanı yenidən arvadımı döyərək bədən xəsarətləri yetirdim. Törətdiyim əməldən peşman olmuşam”.

İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, 2011-ci ildə Daşqın ilə rəsmi nikaha girib:

“Əvvəllər normal münasibətlərimiz olsa da, sonradan münasibətlərimiz pozuldu. Son zamanlar ərim başqa bir qadınla telefonla danışdığını gördüyümdən aramızda qısqanclıq zəminində mübahisələr yarandı”.

Fatimə qeyd edib ki, martın 22-də, saat 16:30-da Daşqın ilə yaşadıqları evdə olarkən, onun Gülşən adlı qadınla münasibətdə olduğunu öyrənib və bununla bağlı Daşqınla aralarında mübahisə yaranıb:

“Həmin vaxtı yataq otağında Daşqın mənə əsəbləşdi, əlləri ilə bədənimin müxtəlif nahiyələrinə, yəni əsasən, başıma, sinəmə, kürəyimə, sol ayağıma və özümü qorumaq istədiyim vaxt hər iki qollarıma yumruq zərbələri vurdu. Sonra o, evdən getdi. Mən də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək, bu barədə məlumat verdim”.

Zərərçəkmiş bildirib ki, 2025-ci ilin iyunun 6-da, saat 8 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 174 saylı marşrut xətti üzrə hərəkət edən avtobus dayanacağında olduğu vaxt əri Daşqının birgə yaşadığı Gülşən adlı qadınla birlikdə dayanacaqda dayandıqlarını görüb:

“Buna görə də Daşqına yaxınlaşaraq söhbət etməyə başladım. Sonra da söhbətimiz mübahisəyə çevrildi və Daşqın sinəmdən itələyərək əlləri ilə dodaqlarımdan vurdu. Bu zaman xəsarətlər aldım. Daşqının zərbələrinin təsirindən yerə yıxıldım və xəsarətlər aldım. Sonra Daşqın və Gülşən adlı qadın dayanacaqdan getdilər”.

Şahid qismində ifadə verən Gülşənin sözlərinə görə, Daşqını Lökbatan qəsəbəsi sakini və Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində satıcı işləyən şəxs kimi tanıyıb: “Daşqınla qonşu və iş yoldaşı kimi normal münasibətlərimiz olub. Onun arvadı Fatiməni bir neçə müddətdir ki, qonşu olduğumuz üçün tanımışam. Fatimə ilə heç bir münasibətim, həmçinin heç biri ilə heç vaxt ədavətim və ya düşmənçiliyim olmayıb. Fatimə neçə müddətdir ki, mənə qarşı şər-böhtan ataraq, guya əri ilə qeyri-rəsmi münasibətimin olduğunu iddia edib. Lakin belə bir hal heç vaxt olmayıb”.

Gülşən qeyd edib ki, 2025-ci ilin iyunun 6-da, səhər saat 8 radələrində işə getmək üçün yaşadıqları evdən çıxıb və marşrut avtobuslarının son dayanacağında dayanaraq avtobus gözləyib: “Məndən bir neçə dəqiqə sonra qonşum Daşqın da oraya gəldi və mənimlə salamlaşdı. Sonra birlikdə avtobusu gözləməyə başladıq. Bu zaman Daşqının arvadı Fatimə dayanacaqda bizə yaxınlaşdı. O, səs-küy salaraq, məni Daşqınla münasibətdə olmaqda ittiham etməyə başladı. Mən kənara çəkildim və Daşqın arvadı ilə söhbət etməyə davam etdi. Bundan sonra Daşqınla Fatimənin dava etdiklərini və Daşqının arvadını əli ilə vurduğunu, Fatimənin yerə yıxıldığını gördüm. Həmin vaxtı 174 saylı avtobus dayanacağa çatdığına görə, avtobusa əyləşərək, oradan getdi. Daşqın da işə getmək üçün mənimlə birlikdə eyni avtobusa mindi”.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova