Hollivud aktrisası Canet Montqomeri ikinci övladını dünyaya gətirdikdən cəmi 10 gün sonra həyat yoldaşı, rejissor və ssenarist Co Foks tərəfindən tərk edildiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, "New Amsterdam”, “Entourage”, “Downton Abbey”, “This Is Us” kimi məşhur seriallarda, eləcə də “Black Swan” və “Our Idiot Brother” kimi filmlərdə rol alan aktrisa yaşadığı ağır dövrü sosial media hesabında bölüşərək izləyicilərini sarsıdıb.
Montqomeri paylaşımında bildirib ki, ikinci övladını – oğlu Milonu dünyaya gətirdikdən cəmi 10 gün sonra iki uşaqla tək qalmaq məcburiyyətində qalıb. O, həmin günləri “qorxu, yorğunluq, kədər və qeyri-müəyyənliklə dolu” kimi təsvir edib.
Aktrisa yazıb ki, bu müddətdə həm fiziki, həm də emosional olaraq böyük çətinliklər yaşayıb, lakin iki övladı üçün ayaqda qalmağa çalışıb.
O, paylaşımında son aylarda izləyicilərinin ona göstərdiyi dəstəyə də təşəkkür edib. Montqomeri bildirib ki, çətin günlərində aldığı mesajlar və dəstək onun yenidən güclənməsinə kömək edib.
Canet Montqomeri və Cop Foksun münasibəti 2017-ci ildə başlayıb. Cütlüyün ilk övladı Sunday Cuno 2019-cu ildə dünyaya gəlib. Eyni ilin dekabrında isə onlar Yamaykada evləniblər. 2023-cü ilin dekabrında isə ikinci övladları Milo doğulub. Aktrisa ailəsinin dağılma səbəbləri barədə isə heç bir açıqlama verməyib.






Jalə Demokrat.az


