Dişlər üçün ən zərərli qidaların siyahısı açıqlanıb.
Demokrat.az xəbər verir ki tibb elmləri namizədi, stomatoloq-cərrah Kirill Polyakov diş minasına şəkərdən daha çox zərər verən qidaları sadalayıb.
Mütəxəssis bu barədə "Lenta.ru" saytına müsahibəsində ətraflı məlumat verib. Ekspertin fikrincə bəzi faydalı hesab edilən qidalar əslində dişlər üçün çox təhlükəlidir.
Həkim ilk növbədə quru meyvələrin zərərini qeyd edib. İnsanlar çox vaxt uşaqlara konfet əvəzinə kişmiş, xurma, qaysı və qara gavalı qurusu alırlar. Lakin bu qidalar dişlərin arasında və çeynəmə şırımlarında uzun müddət qalır.
"Bakteriyalar üçün şəkərin karameldən və ya xurmadan gəlməsinin fərqi yoxdur", - deyə həkim bildirib.
Siyahıda növbəti yeri turş meyvələr və giləmeyvələr tutur. Limon, portağal, qreypfrut, turş alma və qarağat diş minasını yumşaldır. Bu səbəbdən dişlərin həssaslığı artır. Şəkərsiz qazlı içkilər də eyni dərəcədə zərərlidir.
"Qazlı içkilərin tərkibindəki turşular ağız boşluğundakı mühiti dəyişir və minanı tədricən zəiflədir", - deyə Polyakov qeyd edib.
Bu səbəbdən şəkərsiz içkilər də dişlərə ciddi ziyan vurur.
Çipslər, suxarilər və krekerlər də təhlükəli qidalar qrupuna daxildir. Onlar ağızda tez bir zamanda nişastalı kütləyə çevrilir. Bu kütlə dişlərin arasına dolur. Axşam vaxtı belə qəlyanatalılardan sonra dişləri yumamaq daha böyük təhlükə yaradır.
Siyahıda sonuncu yeri turşuya qoyulmuş tərəvəzlər və turş souslar tutur. Sirkəli qidalar və limon şirəli souslar dişlərin həssaslığını xeyli gücləndirir.
Stomatoloq qeyd edib ki dişlərin sağlamlığı üçün qidalanma rejimi çox vacibdir. Turş və yapışqan qidalardan sonra su içmək faydalıdır. Turş qidalardan dərhal sonra dişləri yumaq olmaz. Ən azı 20-30 dəqiqə gözləmək lazımdır. Həmçinin diş sapından və xüsusi fırçalardan istifadə etmək mütləqdir. Dişləri təkcə şəkər korlamır. Buna görə də qidaların tərkibinə və qəbulu vaxtına diqqət etmək lazımdır.
Digər stomatoloq Veronika Andrea Vaskes də səhər yeməyindən dərhal sonra dişləri yumağı tövsiyə etmir. Gecə ağızda tüpürcək az ifraz olunur. Bu səbəbdən ağız boşluğunda bakteriyalar sürətlə çoxalır.
Yəni mütəxəssis deyir ki təbii quru meyvələr, turş giləmeyvələr, çipslər və şəkərsiz qazlı sular dişləri adi şirniyyatdan daha tez sıradan çıxarır. Ona görə də turş nəsə yeyəndən dərhal sonra dişləri yumaq olmaz, sadəcə ağzı su ilə yaxalamaq və bir az gözləmək lazımdır.
İsmayıl Demokrat.az


