Cənubi Koreyada qeydə alınan qeyri-adi tibbi hadisə həm həkimləri, həm də ictimaiyyəti təəccübləndirib. Güclü diz ağrılarından şikayətlənən yaşlı qadının rentgen müayinəsi zamanı diz nahiyəsində yüzlərlə parlaq cisim aşkarlanıb.
Demokrat.az-ın məlumatına görə 65 yaşlı qadın uzun müddətdir davam edən diz ağrıları səbəbindən xəstəxanaya müraciət edib. Aparılan müayinələr zamanı həkimlər rentgen görüntülərində oynaq ətrafında çoxsaylı metalabənzər hissəciklər müşahidə ediblər. Əlavə araşdırmalardan sonra həmin hissəciklərin qızıl saplar olduğu müəyyənləşib.
Məlum olub ki, qadın illər əvvəl ağrılarını azaltmaq məqsədilə Asiya ölkələrində tətbiq olunan "qızıl sap akupunkturu" adlı alternativ müalicə üsulundan istifadə edib. Bu metod zamanı çox nazik qızıl saplar dəri altına və yumşaq toxumalara yerləşdirilir və orada qalır.
Həkimlərin müayinəsi nəticəsində pasiyentdə irəliləmiş osteoartrit də aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, qızıl sap akupunkturu bəzi ölkələrdə geniş yayılsa da, onun effektivliyini təsdiqləyən elmi sübutlar məhduddur. Bundan əlavə, belə sapların zamanla toxumalarda müxtəlif fəsadlara və diaqnostik müayinələr zamanı çətinliklərə səbəb ola biləcəyi vurğulanır.
Ekspertlər alternativ müalicə üsullarına müraciət edən şəxslərə hər hansı prosedurdan əvvəl mütləq həkim məsləhəti almağı tövsiyə edirlər.
İsmayıl Demokrat.az


