İnfrastruktur Özəl

Selin dağıtdığı yol yenidən qurulacaq — AÇIQLAMA

Selin dağıtdığı yol yenidən qurulacaq — AÇIQLAMA

Son aylarda ölkənin müxtəlif bölgələrində müşahidə olunan intensiv leysan yağışları və sel hadisələri bir sıra avtomobil yollarında ciddi fəsadlar yaradıb. Yol yataqlarının yuyulması, bəzi hissələrdə çökmələrin baş verməsi və nəqliyyatın hərəkətində yaranan çətinliklər infrastrukturun dayanıqlılığı məsələsini yenidən gündəmə gətirib. Belə hadisələrdən biri də, məhz Xızı-Altıağac yolunda baş verib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq.

Sözügedən qurumunictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirdi ki,cari ilin mart və aprel aylarında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində həm Bakı şəhərində, həm də respublikanın müxtəlif bölgələrində sel və daşqın hadisələri qeydə alınıb:

"Təbii fəlakət yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya sistemlərinə və xüsusilə nəqliyyat infrastrukturuna ciddi zərər vurub".

O qeyd edib ki, yaranmış problemlərin aradan qaldırılması və zərər görmüş yolların yenidən istifadəyə tam yararlı vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq icraya yönəldilib.

“Güclü yağışlar nəticəsində yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya şəbəkələrinə və xüsusilə yol infrastrukturuna ciddi ziyan dəyib. Sel və daşqınların fəsadlarının aradan qaldırılması, zərər görmüş nəqliyyat infrastrukturunun bərpası və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Sel və daşqınların təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Xızı–Altıağac avtomobil yolu da daxil olmaqla, ümumilikdə 25 avtomobil yolunda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda qeyd olunan avtomobil yollarının əksəriyyətində müvafiq işlərə başlanıllb. Xızı–Altıağac avtomobil yolu üzrə layihələndirmə işləri davam etdirilir.

Bununla yanaşı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də sel nəticəsində yaranmış ilkin fəsadların aradan qaldırılması məqsədilə ərazidə təxirəsalınmaz tədbirlərin icrasına artıq start verilib. Həyata keçirilən tədbirlər yol infrastrukturunun dayanıqlığının artırılmasına, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və bölgənin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına xidmət edir”.

Qurum rəsmisi qeyd edib ki, aparılan işlər yalnız mövcud ziyanın aradan qaldırılmasına deyil, həm də gələcəkdə analoji təbii hadisələrin təsirinin minimuma endirilməsinə hesablanıb. Layihələr çərçivəsində yol infrastrukturu daha dayanıqlı formada yenidən qurulur, suötürücü qurğuların vəziyyəti yaxşılaşdırılır və riskli ərazilərdə əlavə mühəndis həlləri tətbiq edilir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova