Lerik rayonunda 56 yaşlı kişi bacısı oğluna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Telman bacısı oğlu Rüfətin onun qardaşı qızı Günel ilə yaxın münasibətindən şübhələnib. O, Rüfətlə həmin münasibətə aydınlıq gətirmək məqsədilə yaşadıqları Lerik rayonunun kəndi ərazisində “Uzun dirsək” adlı sahədə görüşüb.
Orada aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla bacısı oğlunun kürək nahiyəsinə qəsdən 1 dəfə zərbə vuraraq, ona xəsarətlər yetirib.
İş üzrə izahat verən Telman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Lerik rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır:
“Təsərrüfatla məşğul olmaqla ailəmi dolandırıram. Zərərçəkmiş Rüfət bacımın oğludur. Onunla aramızda münasibətlərimiz həmişə yaxşı olub. Hadisədən təxminən 10 gün əvvəl Rüfət ilə qardaşım qızı Günel arasında olan münasibətdən şübhələndim. Məlum hadisə günü yaşadığım kəndin ərazisində yerləşən “Uzun dirsək” adlı ərazidə Rüfətlə rastlaşdım. Yanıma çağıraraq onunla söhbətimin olduğunu bildirdim. O, da yanıma gəldi. Ona qardaşım qızı Günel ilə yaxın münasibətinin olub-olmaması barədə sual verdim. Rüfət isə cavabında Günel ilə normal qohumluq münasibətindən başqa heç bir münasibətinin olmadığını bildirdi. Həmin vaxt əsəbi olduğum üçün böyrümdə olan bıçaqla Rüfətin kürək nahiyəsinə bir zərbə vurdum. Bundan sonra o, oradan qaçaraq uzaqlaşdı”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra kəndində yerləşən fərdi yaşayış evinə gəlib:
“Mən evimdə olarkən Lerik Rayon Polis Şöbəsinin əməkdaşları gəldi, özlərini təqdim edərək məni şöbəyə dəvət etdilər. Şöbədə olan zaman Rüfəti qardaşım qızı ilə yaxın münasibətinin olmasından şübhələnərək onunla söhbət etdiyim zaman əsəbi olduğum üçün bıçaqla vurduğumu bildirdim”.
İş üzrə zərərçəkmiş Rüfətin sözlərinə görə, təxminən saat 18 radələrində yaşadığı kəndin ərazisində yerləşən örüş sahəsinə özünə məxsus olan atları evə gətirmək üçün gedərkən dayısı Telmanla qarşılaşıb, hal-əhval tutduqdan sonra ona sözünün olduğunu bildirib:
“Dayam mənə Günel ilə yaxın münasibətimin olub-olmaması barədə sual verdi. Mən isə cavabımda dayım qızı Günellə normal qohumluq münasibətindən əlavə başqa heç bir münasibətimin olmadığını bildirdim”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra dayısı Telman əsəbləşərək onunla ucadan danışmağa başlayıb: “Bu zaman bizim sözlərimiz düz gəlmədi. Daymı yanında olan bıçaqla kürək nahiyəmə bir zərbə vurdu. Bundan sonra oradan uzaqlaşdım və yaxınlıqda olan əmim Samirin evinə gəldim. Daha sonra əmim məni Masallı rayon Mərkəzi Xəstəxanasına apardı”.
Lerik Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndləri tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli Demokrat.az


