Siyasət Özəl

Avropa qurumları seçki pozuntularına niyə fərqli yanaşır? — AÇIQLAMA

Avropa qurumları seçki pozuntularına niyə fərqli yanaşır? — AÇIQLAMA

Ermənistanda keçirilən seçkilərlə bağlı müxtəlif iddiaların səsləndirilməsi və beynəlxalq qurumların bu məsələyə münasibəti yenidən ikili standartlar mövzusunu gündəmə gətirib. Xüsusilə Avropa institutlarının bəzi ölkələrdə seçki pozuntularına sərt reaksiya verməsi, digər hallarda isə daha ehtiyatlı və ya susqun mövqe nümayiş etdirməsi ekspertlər tərəfindən müzakirə olunur. Siyasi müşahidəçilər hesab edirlər ki, beynəlxalq təşkilatların seçki proseslərinə verdiyi qiymətlər təkcə hüquqi və demokratik meyarlarla deyil, eyni zamanda geosiyasi maraqlarla da əlaqəli ola bilər.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, beynəlxalq münasibətlər sistemində dövlətlərin və təşkilatların yanaşmaları hər zaman eyni prinsiplər əsasında formalaşmır.

Politoloqun sözlərinə görə, dövlətlər və beynəlxalq təşkilatlar öz siyasətlərində, xüsusilə seçkilər və insan hüquqları məsələlərində, müxtəlif ölkələrə fərqli yanaşmalar sərgiləyirlər:

"Bu hal artıq beynəlxalq müstəvidə ikili standartların, siyasi və geosiyasi maraqların mövcudluğu kimi qəbul olunur.

Ermənistanda keçirilən parlament seçkilərində baş verən pozuntulara Avropa İttifaqının susqun qalması da, məncə, məhz Ermənistanla bağlı siyasi maraqlardan irəli gəlir. Çünki seçki pozuntuları gündəmə gətirilsəydi, bu, müəyyən mənada revanşist qüvvələrin maraqlarına da uyğun ola bilərdi.

Bununla yanaşı, Avropa İttifaqına etimadın zəiflədiyi də müşahidə olunur. Hesab edirəm ki, Avropa İttifaqı bu kimi məsələlərdə obyektivliyi qorumalı, seçki prosesində pozuntular və ya rüşvət halları varsa, onlara dərhal reaksiya verməlidir. Əks halda, beynəlxalq təşkilatların da siyasətlərini geosiyasi maraqlar əsasında formalaşdırdığı qənaəti daha da güclənir",- deyə politoloq bildirib.

Məhəmməd Əsədullazadənin fikrincə, beynəlxalq təşkilatların legitimliyi və nüfuzu məhz onların obyektiv və bərabər yanaşma nümayiş etdirməsindən asılıdır. Ekspert hesab edir ki, eyni xarakterli hadisələrə fərqli münasibətin göstərilməsi beynəlxalq hüququn və demokratik institutların etibarlılığı ilə bağlı suallar yaradır. Bu isə uzunmüddətli perspektivdə həm beynəlxalq təşkilatlara, həm də onların hazırladığı hesabatlara və qərarlara ictimai etimadın azalmasına səbəb ola bilər.

Politoloq vurğulayır ki, seçkilərin şəffaf keçirilməsi və mümkün qanun pozuntularının araşdırılması bütün ölkələr üçün eyni prinsiplərlə qiymətləndirilməlidir. Əks halda, beynəlxalq təşkilatların qərar və bəyanatlarının siyasi maraqlardan təsirləndiyi barədə fikirlər daha da geniş yayılır və bu qurumların neytrallığına dair şübhələr artır.

Göründüyü kimi, qlobal siyasətdə geosiyasi maraqların rolunu tamamilə inkar etmək mümkün olmasa da, beynəlxalq təşkilatların əsas vəzifəsi demokratik dəyərlərin və hüquqi prinsiplərin qorunmasını təmin etməkdir. Bu baxımdan seçki proseslərinə münasibətdə vahid və ardıcıl yanaşmanın nümayiş etdirilməsi həm beynəlxalq etimadın qorunması, həm də demokratik institutların nüfuzunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova