Sağlamlıq Özəl

Daha bir orqanın yağlandığı araşdırmalarda üzə çıxdı

Daha bir orqanın yağlandığı araşdırmalarda üzə çıxdı

Piylənmənin ağciyərlərə birbaşa zərər verdiyi və astmanın bəzi formalarını ağırlaşdırdığı müəyyən edilib. Alimlər bu prosesi "piylənmiş ağciyər xəstəliyi" adlandırırlar.

Demokrat.az xəbər verir ki, tədqiqatlar göstərib ki, piy toxumasında istehsal olunan FABP4 hormonu qan dövranı vasitəsilə ağciyərlərə çataraq tənəffüs yollarında iltihab və zədələnməyə səbəb olur. Mütəxəssislər bunu "piy-ağciyər oxu" kimi xarakterizə edirlər.

Araşdırma zamanı piylənmədən əziyyət çəkən canlıların ağciyərlərində yağ yığılması və hüceyrə stresinin artdığı müəyyən olunub. Nəticələr ABŞ və Avropada aparılan geniş xəstə qrupları üzərindəki analizlərlə də təsdiqlənib.

Alimlərin hazırladığı yeni monoklonal antitel preparatı FABP4 hormonunu bloklayaraq ağciyər xəstəliyinin əlamətlərini əhəmiyyətli dərəcədə azaldıb. Bundan əlavə, piylənmə və diabet müalicəsində istifadə olunan GLP-1 qrupuna aid dərmanların da astma xəstələrində müsbət nəticələr verdiyi bildirilib.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bəzi astma xəstələrinin müalicəsində yalnız tənəffüs yollarına deyil, xəstəliyin əsas səbəblərindən biri olan maddələr mübadiləsinə də təsir göstərmək mümkün olacaq.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova