Maraqlı Özəl

Yayın ən yüngül və ləzzətli tortu: Qonaqlarınız bu reseptə heyran qalacaq

Yayın ən yüngül və ləzzətli tortu: Qonaqlarınız bu reseptə heyran qalacaq

Çiyələk mövsümünün ən dadlı günlərində hazırlanacaq yüngül və təravətləndirici desert axtarırsınızsa, bu resept sizin üçündür.

Demokrat.az xəbər verir ki, ABŞ-nin məşhur TODAY.com platformasında təqdim olunan "Mələk Tortu" (Angel Food Cake) resepti çiyələk, reyhan və limonun mükəmməl harmoniyasını bir araya gətirir. Hazır biskvit əsasında hazırlanan bu desert həm asan hazırlanır, həm də yay süfrələri üçün ideal seçim hesab olunur.

Çiyələkli-reyhanlı kompotun hazırlanması

Kompot üçün doğranmış təzə çiyələk, şəkər tozu, az miqdarda su və limon şirəsi qazana əlavə edilərək orta odda 3-5 dəqiqə bişirilir. Çiyələklər şirəsini buraxdıqdan sonra odun dərəcəsi azaldılır və qarışığa təzə reyhan yarpaqları əlavə edilir. Daha 3 dəqiqə qaynadıldıqdan sonra kompot soyumağa qoyulur. Tam soyuduqdan sonra reyhan yarpaqları çıxarılır.

Limonlu kremin hazırlanması

Böyük qabda soyuq qaymaq , şəkər pudrası, vanil ekstraktı və sürtgəcdən keçirilmiş limon qabığı mikserlə 4-5 dəqiqə ərzində çalınaraq bərk köpük halına gətirilir.

Tortun yığılması

Hazır "Mələk biskviti" uzun dişli bıçaqla üfüqi şəkildə üç hissəyə bölünür. Alt qatın üzərinə çiyələkli kompot çəkilir, ikinci qat yerləşdirilir və eyni proses təkrarlanır. Son qat əlavə edildikdən sonra tortun üstü və kənarları limonlu kremlə örtülür, təzə çiyələklərlə bəzədilir.

Mütəxəssislərin sözlərinə görə, çiyələk-reyhan kompotunu qapaqlı qabda soyuducuda 7 günədək saxlamaq mümkündür. Bu kompot səhər yeməyində qatıqla birlikdə də istifadə oluna bilər.

Bu yüngül və təravətləndirici desert isti yay günlərində həm ailə üzvlərinin, həm də qonaqların zövqünü oxşayacaq.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova