Cəmiyyət Özəl

Evində heyvan saxlayanların nəzərinə! — AÇIQLAMA

Evində heyvan saxlayanların nəzərinə! — AÇIQLAMA

Son illər ev heyvanı saxlayan insanların sayı sürətlə artır. Xüsusilə şəhər mənzillərində pişik, it və digər ev heyvanlarının bəslənməsi adi hala çevrilsə də, bəzi hallarda bu vəziyyət qonşular arasında narazılıqlara səbəb olur. Səs-küy, xoşagəlməz qoxu və ya təhlükəsizliklə bağlı narahatlıqlar tez-tez mübahisə mövzusuna çevrilir.

Bəs qanunvericilik ev heyvanı saxlayan şəxslərlə qonşuların hüquqları arasında balansı necə tənzimləyir? Qonşular belə hallarda şikayət etmək hüququna malikdirmi?

Mövzu ilə bağlı Demokrat.az-a danışan vəkil Əkrəm Həsənov bildirib ki, vətəndaşların mənzildə ev heyvanı saxlamaq hüququ olsa da, bu hüquq digər şəxslərin hüquq və mənafelərinə zərər vurmamalıdır.

Onun sözlərinə görə, ev heyvanlarının saxlanılması nəticəsində qonşulara maddi və ya mənəvi zərər dəyirsə, həmin şəxslər qanunla nəzərdə tutulmuş qaydada şikayət edə bilərlər.

"Əgər ev heyvanları insanlara narahatlıq və ya zərər verirsə, vətəndaşlar müvafiq qurumlara müraciət etmək hüququna malikdirlər. Hətta vəziyyət ciddi xarakter alarsa, məhkəməyə müraciət edərək iddia qaldırmaq da mümkündür. Bu zaman həm vurulmuş maddi zərərin ödənilməsi, həm də müəyyən məhdudiyyətlərin tətbiqi tələb oluna bilər", – deyə vəkil bildirib.

Əkrəm Həsənov qeyd edib ki, xüsusilə yaşayış binalarında davamlı səs-küy, sanitariya normalarının pozulması və ya təhlükəsizlik riskləri hüquqi məsuliyyət yarada bilər.

"Əgər ev heyvanları qonşuluqda səs-küy yaradırsa, pis qoxu yayırsa və ya insanların sağlamlığı və təhlükəsizliyi üçün risk formalaşdırırsa, bu artıq hüquqi müstəvidə qiymətləndirilən məsələdir. Belə hallarda aidiyyəti qurumların müdaxiləsi və qanun çərçivəsində tədbirlərin görülməsi mümkündür", – deyə o vurğulayıb.

Vəkilin sözlərinə görə, bu kimi mübahisələrdə ilk növbədə tərəflərin qarşılıqlı anlaşma yolu ilə problemi həll etməyə çalışması daha məqsədəuyğundur.

"Belə vəziyyətlərdə ilk addım kimi tərəflər arasında razılaşma və xəbərdarlıq yolu ilə problemin həlli daha effektiv ola bilər. Lakin problem aradan qalxmırsa və qonşuların hüquqları pozulmağa davam edirsə, inzibati qaydada tədbirlərin görülməsi qaçılmaz olur", – deyə Əkrəm Həsənov əlavə edib.

Yəni, ev heyvanı saxlamaq hüququ ilə digər sakinlərin rahat yaşayış hüququ arasında balans qorunmalıdır. Bunun üçün heyvan sahibləri sanitariya qaydalarına əməl etməli, ətrafdakı insanların rahatlığını nəzərə almalı, qonşular isə yaranan problemləri ilk növbədə dialoq yolu ilə həll etməyə çalışmalıdırlar.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova