Tez-tez yuxusuzluğun müalicəsində təyin olunan "Kvetiapin" preparatı qəbul edildikdən sonrakı gün diqqətin zəifləməsinə və yol-nəqliyyat hadisələri riskinin artmasına səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, bu nəticəyə Flinders Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri "Annals of the American Thoracic Society" (AATS) jurnalında dərc olunub.
Təcrübədə obstruktiv yuxu apnesi və xroniki yuxusuzluqdan əziyyət çəkən 15 yetkin iştirak edib. Hər bir iştirakçı yuxu laboratoriyasında iki gecə keçirib: bir gecə 50 milliqram "Kvetiapin", digər gecə isə plasebo qəbul etdikdən sonra.
Araşdırma göstərib ki, preparat həqiqətən də gecə yuxusunun keyfiyyətini yaxşılaşdırır. İştirakçılarda yuxu zamanı nəfəsin dayanması halları daha az müşahidə olunub, həmçinin gecə oyanmalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Lakin bu müsbət təsir növbəti gün müəyyən mənfi nəticələrlə müşayiət olunub.
"Kvetiapin" qəbul edən könüllülərin reaksiya sürəti daha zəif olub, onlar diqqət testlərində daha aşağı nəticələr göstərib və avtomobil sürmə simulyatorunda tapşırıqları daha çətin yerinə yetiriblər. Maraqlıdır ki, iştirakçıların əksəriyyəti özlərini yuxulu hiss etməyib və vəziyyətlərini normal qiymətləndiriblər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, məhz subyektiv hisslərlə real koqnitiv zəifləmə arasındakı bu uyğunsuzluq ən ciddi narahatlıq doğuran məqamdır. İnsan özünü avtomobil idarə etmək və ya mürəkkəb texnika ilə işləmək üçün kifayət qədər ayıq hesab edə bilər, lakin diqqət və reaksiyasının artıq zəiflədiyindən xəbərsiz ola bilər.
Bundan əlavə, iştirakçıların 75 faizindən çoxunda preparatın birdəfəlik qəbulundan sonra yan təsirlər müşahidə olunub. Bunlara halsızlıq, başgicəllənmə və arterial təzyiqin enməsi daxildir.
Tədqiqat müəllifləri vurğulayırlar ki, "Kvetiapin" ilkin olaraq yuxugətirici vasitə kimi hazırlanmayıb və onun yuxusuzluğun müalicəsində istifadəsi hələ də mübahisəli hesab olunur. Alimlərin fikrincə, əldə olunan nəticələr preparatın, xüsusilə də təsdiqlənmiş və ya ehtimal olunan obstruktiv yuxu apnesi sindromu olan şəxslərə təyin edilərkən daha ehtiyatla istifadə olunmasının vacibliyini göstərir.
Jalə Demokrat.az


