Şou-biznes Özəl

"Kızılcık şerbeti"ndən gözlənilməz nəticə

Kızılcık şerbetindən gözlənilməz nəticə

Türkiyənin populyar “Kızılcık Şerbeti” serialı növbəti mövsüm finalı ilə reytinqlərdə növbəti uğura imza atıb. “Show TV” teleqanalında yayımlanan və dörd mövsümdür ekranlara gələn ekran işi builki final seriyası ilə bütün kateqoriyalar üzrə ikinci pillədə qərarlaşaraq liderlik uğrunda mübarizəsini davam etdirib. Baş rollarda baş verən ciddi dəyişikliklərdən sonra layihənin reytinq itirəcəyi barədə sosial şəbəkələrdə yayılan iddialar özünü doğrultmayıb. Filmin mövsüm finalında əldə etdiyi yüksək nəticələr həm yayımçı kanalın, həm də istehsalçı “Gold Film” şirkətinin gözləntilərini tam qarşılayıb.

“Kızılcık Şerbeti” serialının sayca 138-ci seriyası reytinq cədvəlinin müxtəlif hədəf kütlələri üzrə yüksək göstəricilər qeydə alıb. Ekran işi “Total” kateqoriyasında 6.32, “AB” qrupunda 5.48, “ABC1” göstəricisində isə 6.18 xalla yuxarı sıralardakı mövqeyini qoruyub.

Bu nəticələr layihədə baş verən aktyor dəyişikliyindən sonraya təsadüf edir. Baş rol ifaçılarından Doğukan Güngörün heyətdən çıxarılması və Sıla Türkoğlunun öz istəyi ilə layihədən ayrılmasından sonra komandaya Seray Kaya və Emre Dinler daxil olmuşdu. Yeni aktyor tandeminin ekrandakı uyğunluğu tamaşaçılar tərəfindən bəyənilib və bu dəyişiklik reytinqlərə mənfi təsir göstərməyib. Ekran işi reytinqlərlə yanaşı, sosial şəbəkələrin də əsas müzakirə mövzusuna çevrilib. Mövsüm finalında Elif və Nilay personajları arasındakı gərginlik, mübahisənin böyüdüyü anlarda Sönmezin halının pisləşməsi və Salkımın balkondan yıxılması hadisələrin gedişatı ilə bağlı çoxlu suallar yaradıb. Bu dramatik səhnələrlə fasiləyə ayrılan serial yeni yayım dövründə də iddialı mübarizəsini davam etdirəcəyi mesajını verib.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova