Qurban bayramına sayılı günlər qaldıqca bazarlarda və heyvan satış məntəqələrində canlanma müşahidə olunur. Lakin bu il qurbanlıq qoyun və quzuların qiymətində ötən illə müqayisədə nəzərəçarpacaq artım alıcıların diqqətini çəkib. Satıcıların sözlərinə görə, yem qiymətlərinin bahalaşması, daşınma xərclərinin artması və tələbatın yüksəlməsi qiymətlərə birbaşa təsir göstərib. Hazırda paytaxtda ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdan başlayır ki, bu da ötən illə müqayisədə daha yüksək göstəricidir. Bölgələrdə qiymətlər nisbətən fərqli olsa da, ümumi artım tendensiyasının müşahidə edildiyi bildirilir.
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, heyvandarlıqda geriləmə və qiymət artımının səbəbi bu günə və ya son dövrə aid məsələ deyil:
“Təkcə heyvandarlıqda yox, kənd təsərrüfatının demək olar ki, bütün sahələrində geriləmə müşahidə olunur və ölkənin idxaldan asılılığı hər gün daha da artır. Təəssüf ki, bu problem sistemli şəkildə araşdırılmır. Adətən yalnız bayram ərəfəsində və ya qiymət artımı zamanı məsələ gündəmə gəlir, sonra isə yenidən unudulur. Heyvandarlıqda geriləmənin əsas səbəblərindən biri örüş, otlaq və qışlaq sahələrinin fermerlərin əlindən alınmasıdır. Vaxtilə həmin ərazilərin bazasında iri təsərrüfatlar yaradıldı və nəticədə ailə, kiçik təsərrüfatlar sıradan çıxdı. Bu gün kəndlərin boşalmasının, insanların şəhərlərə axınının əsas səbəblərindən biri də budur. Çünki kənddə yaşayan insanın nə örüş sahəsi var, nə otlaq sahəsi, nə də qış aylarında istifadə etmək üçün qışlaq sahəsi. Ferma qurmaq istəyən kəndli müxtəlif dövlət qurumlarından icazə almağa məcbur olur. Belə şəraitdə isə heyvandarlığın inkişaf etməsi mümkün deyil. Ailə və kiçik təsərrüfatlar ləğv olunur, insanlar kəndləri tərk edib şəhərlərə köçürlər. Bunun fonunda qiymətlər də artır. Digər ciddi problem isə damazlıq heyvanların sıradan çıxmasıdır. Çünki hər ailə təsərrüfatının illərlə qoruyub saxladığı, seçib yetişdirdiyi cins heyvanları olur. Təsərrüfat dağılanda həmin damazlıqlar da məhv olur və bu, heyvandarlıq üçün böyük itkidir”.
O bildirib ki, statistika da vəziyyətin ağır olduğunu göstərir:
“Rəsmi məlumatlara görə, 2019-2020-ci illərdə ölkədə 2 milyon 646 min baş iribuynuzlu heyvan olubsa, 2025-2026-cı illərdə bu rəqəm 2 milyon 459 minə düşüb. Yəni 187 min baş azalma var. Xırdabuynuzlu heyvanlarda isə vəziyyət daha ciddidir. Əgər 2019-2020-ci illərdə 8 milyon 563 min baş heyvan var idisə, son statistikaya görə bu rəqəm 6 milyon 850 minə enib. Bu isə 1 milyon 713 min baş azalma deməkdir. Bu gün ölkədə əhalinin ət tələbatının böyük hissəsi Monqolustan, Gürcüstan, Dağıstan və Hindistandan gətirilən məhsullar hesabına ödənilir. Əks halda bazarda çox ciddi boşluq yaranardı. Halbuki Azərbaycanın heyvandarlıq potensialı həmin ölkələrin əksəriyyətindən qat-qat yüksəkdir. Ölkədə 54 aqropark fəaliyyət göstərir. Bu iri təsərrüfatların hər birinə dövlət tərəfindən milyonlarla vəsait ayrılır. Lakin bu imkanlardan əsasən iri təsərrüfatlar və böyük sahibkarlar faydalanır. Ailə və kiçik təsərrüfatlar isə güzəştli kreditlərdən, subsidiyalardan və dövlət dəstəklərindən demək olar ki, kənarda qalır. Nəticədə kiçik fermerlər bazardan sıxışdırılıb çıxarılır, amma iri təsərrüfatlar da ölkənin tələbatını tam qarşılaya bilmir. Bu kökündən dəyişdirilməlidir. Ailə və kiçik təsərrüfatlara ciddi dövlət dəstəyi verilməlidir. Örüş, otlaq və qışlaq sahələri kəndlilərin və bələdiyyələrin istifadəsinə qaytarılmalıdır. Bu ərazilər ümumi istifadədə olmalı, ayrı-ayrı şəxslərin nəzarətinə verilməməlidir. Çünki kənd təsərrüfatı yalnız iri təsərrüfatlarla inkişaf edə bilməz. Kəndlinin yaşaması, istehsal etməsi və bazarda qalması üçün real şərait yaradılmalıdır. Eyni zamanda ölkədə idarəetmə və koordinasiya sistemi də düzgün qurulmalıdır. Təəssüf ki, hazırda bu sahədə vahid və sistemli idarəçilik mexanizmi hiss olunmur”.
Leyla Turan Demokrat.az


