Texnologiyanın sürətli inkişafı, süni intellektin yayılması və avtomatlaşdırmanın genişlənməsi əmək bazarında böyük dəyişiklik yaradır. Bu gün minlərlə insanın çalışdığı bəzi peşələrin yaxın illərdə ya tam yox olacağı, ya da ciddi şəkildə azalacağı proqnozlaşdırılır. Artıq bir çox sahədə insan əməyini proqramlar, robot sistemlər və süni intellekt əvəz etməyə başlayıb. Xüsusilə təkrarlanan və standart əməliyyatlara əsaslanan işlər risk altında hesab olunur.
Bu barədə Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, ən çox təhlükə altında olan peşələr avtomatlaşdırıla bilən sahələrdir:
“Bunlara mühasibatlıq, məlumatların daxil edilməsi, məlumatların analizi və oxşar işlər daxildir. Yəni bunlar artıq robotların və süni intellekt sistemlərinin yerinə yetirə biləcəyi işlər hesab olunur. Məsələn, hətta çobanlıq peşəsi belə müəyyən mənada təhlükə altındadır. Cənab Elmar Qasımov( BANM-nin rektoru) qeyd etmişdi ki, çobanlıq həmişə qalacaq. Amma reallıq göstərir ki, artıq bu sahədə də texnologiya insan əməyini əvəz etməyə başlayıb. Məsələn, Amerikada böyük sürülərə rast gəlmək mümkündür, lakin həmin sürülərin başında çoban olmur. Əvvəllər bu məsələ tel hörgülərlə tənzimlənirdi. Yəni heyvanlar müəyyən bir ərazidə saxlanılırdı və oradan kənara çıxa bilmirdilər. İndi isə daha fərqli texnologiyalar tətbiq olunur. Heyvanların üzərinə xüsusi cihazlar yerləşdirilir və onların hərəkəti rəqəmsal şəkildə izlənilir. Müəyyən edilmiş ərazidən kənara çıxdıqda heyvana avtomatik siqnal göndərilir. Həmin siqnal heyvanı narahat etdiyi üçün o geri qayıdır. Beləliklə, heyvan çox qısa müddətdə hansı ərazidə qalmalı olduğunu öyrənir”.
O qeyd edib ki, ümumiyyətlə, fiziki əmək tələb edən bir çox peşələr artıq tədricən insanların əlindən çıxaraq robotlara və kompüter sistemlərinə ötürülür:
“Bununla yanaşı, insana məxsus xüsusiyyətlərlə bağlı peşələrin hələlik daha dayanıqlı qaldığını görürük. Empatiya, qayğı, dürüstlük, sevgi kimi xüsusiyyətlər insan təbiətinə aid xüsusiyyətlərdir və bu xüsusiyyətlərə əsaslanan sahələr hələ də insan faktoruna ehtiyac duyur. Məhz buna görə terapiya, kouçluq, mentorluq kimi peşələr hazırda daha çox insanın üzərində qalır. Amma heç kim zəmanət verə bilməz ki, gələcəkdə bu sahələr də dəyişməyəcək. Texnologiyanın hansı sürətlə inkişaf etdiyini nəzərə alsaq, bunun nə vaxt baş verəcəyini dəqiq söyləmək mümkün deyil. Hətta son günlərdə göstərirdilər ki, artıq elə avtomatlaşdırılmış sistemlər hazırlanıb ki, insan xüsusi qurğunun içinə daxil olur və sistem onun saçını istədiyi formada kəsib hazır vəziyyətə gətirir. Bu da onu göstərir ki, demək olar, bütün peşələr müəyyən risk altındadır. Əsas məsələ dəyişikliklərə hazır olmaqdır. İnsanlar yeni biliklər və bacarıqlar öyrənməyə açıq olmalıdırlar. Əks halda, texnologiyanın sürətli inkişafı fonunda bir çox insan işini itirmək riski ilə qarşılaşa bilər”.
Leyla Turan Demokrat.az


