Cəmiyyət

Kimdir müəllim ?

Kimdir müəllim ?

Bəlkə də bundan 20 il öncə… Mağazadayam, içəri bəyaz yaxalı bir adam daxil olur, satıcı əlindəki işi ataraq ona yaxınlaşdı.

— Buyurun, müəllim?

Kişi kobud şəkildə cavab verdi ki, ona müəllim deməsinlər, atası müəllim olub, bu çox çətin peşədir.

İlk dəfə idi ki, “müəllim” xitabının xoş qarşılanmadığını görürdüm. Anam dedi ki, həmin adam bu sözün hər kəsə deyilməsini istəmir. Sonra əlavə etdi ki, onların düşüncəsinə görə, şagirdlər müəllimin hətta yemək yemədiyini belə zənn edirmişlər.

İllər keçdi və mən həmin adamı, eləcə də anamı və onun yaşıdlarını anlamağa başladım. Elə bir həyat yolu yoxdur ki, insan təhsil ocağından keçmədən özünü tam xoşbəxt hiss etsin. Təhsil olmadan insanlar milyonlar qazansa belə, yenə də bir tərəfləri yarım qalır. İnsanların əksəriyyəti qələm tutmağı öyrədən biri olmadan yazıb oxuya bilmir. Bizə cəmiyyətdə gündəlik gözlə görünməyən, amma vacib olan hər şeyi öyrədən müəllimlərdir.

Əsrlər əvvəl Aşıq Ələsgərin ustadına dediyi sözlər bu gün də dəyərini qoruyur . Amma müasir dövrdə müəllimə münasibət fərqli istiqamət alıb. Hörmətin zəifləməsi, sosial şəbəkələrdə müəllimin hədəfə çevrilməsi artıq adi hal kimi qəbul olunur. Müəllimlər təhsil verən şəxs yox, xidmət göstərən şəxs kimi qəbul edilir. Problem müəllimin dəyişməsi deyil. Problem ondadır ki, müəllim sinfə daxil olduğu zaman artıq şagirdlərlə tək qala bilmir. Telefonlar, sosial şəbəkələr, valideyn narazılığı da şagirdlərin məktəb çantasında onlarla birlikdə sinfə daxil olur.

Problem təkcə şagirdlərlə də məhdudlaşmır. Valideynlərin “uşağım yaxşı oxumur” ifadəsi, “müəllim prinsipə yaxşı qiymət yazmır” ifadəsi ilə əvəz olunub. Vəziyyət o həddə çatıb ki, əlimizə silah da almışıq. Ona görə ki, tətiyin arxasında sadəcə bir gənc yox, cəmiyyətin müəllimə qarşı dəyişən münasibəti dayanır. Dəyişməyən tək şey sinif otağı və zəng zamanı eşidilməyən müəllim səsidir. Çünki onlar həmin vaxt bizim üçün növbəti dərsə hazırlaşırlar. Etdiklərimiz qarşısında müəllimlər bizi hər zaman bağışlasa da, gələcək bağışlamayacaq. Gələcəyin sualı aydındır: kim günahkardır?

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova