İqtisadi Özəl

Dünya iqtisadiyyatını ləngidən üçbucaq — Azərbaycan “sabit ada” kimi

Dünya iqtisadiyyatını ləngidən üçbucaq — Azərbaycan “sabit ada” kimi

Uzun müddətdir ki, Yaxın Şərq regionu qlobal güclərin və regional oyunçuların maraqlarının kəsişdiyi qaynar nöqtəyə çevrilib. Yaxın Şərq bu gün sadəcə müharibə ocağı deyil, həm də qlobal güclərin "şahmat taxtasıdır". ABŞ, İran və İsrail arasındakı gərginlik onilliklərdir davam edən köhnə hesablaşmaların daha təhlükəli mərhələsindədir. Bu gün regionun gələcəyini müəyyən edən əsas faktor ABŞ, İran və İsrail arasındakı gərgin münasibətlər, eləcə də bu üçlüyün yaratdığı mürəkkəb münaqişə dinamikasıdır.

İranın nüvə proqramı ətrafında yaranan qeyri-müəyyənlik regionda silahlanma yarışını sürətləndirir. İsrail bu proqramı özü üçün təhdid saydığı halda, Tehran nüvə kartından həm daxili auditoriya, həm də xarici təzyiqlərə qarşı qalxan kimi istifadə edir. Burada söhbət təkcə uranın zənginləşdirilməsindən yox, Yaxın Şərqdəki liderlik iddialarından gedir.

Regionda tərəflər artıq açıq cəbhədən çox hibrid müharibə elementlərinə üstünlük verirlər. Kiberhücumlar, xüsusi qüvvələr vasitəsilə həyata keçirilən əməliyyatlar və iqtisadi sanksiyalar döyüş meydanındakı toplardan daha təsirli vasitəyə çevrilib. Çin və Rusiyanın bu prosesdəki rolu isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Sözsüz ki, bu qarşıdurmanın nəticələri təkcə regionla məhdudlaşmır. Qlobal enerji bazarlarındakı qiymət artımı, logistik marşrutların təhlükə altına düşməsi və böyük güclərin (Rusiya və Çin) bu prosesə mümkün müdaxiləsi beynəlxalq nizamı kökündən sarsıda bilər. Hazırda hər kəs bu "üçlü rəqabətin" hara qədər gedəcəyini və yeni dünya nizamında hansı dəyişikliklərə yol açacağını diqqətlə izləyir.

Bu gün dünya iqtisadiyyatı son onilliklərin ən gərgin dövrlərindən birini yaşayır. Dünya neft daşımalarının təxminən 20%-nin keçdiyi Hörmüz boğazı ətrafındakı gərginlik qlobal bazarlarda "şok effekti" yaradıb. 2026-cı ilin əvvəlindən etibarən neftin qiymətinin sürətlə yüksələrək 120-150 dollar diapazonuna çatması inkişaf etmiş ölkələrdə inflyasiyanı idarəolunmaz həddə çatdırıb. Yanacaq qiymətlərinin artması nəqliyyat və logistika zəncirini qırıb, bu da dünya miqyasında ərzaq və sənaye mallarının bahalaşmasına səbəb olub. Aparıcı valyutaların rəqabəti fonunda bir çox ölkənin milli pul vahidləri kəskin dəyər itirib. Bir sözlə, Dünya iqtisadiyyatı 2026-cı ilin fevralından etibarən ABŞ, İsrail və İran arasında başlayan hərbi əməliyyatların yaratdığı "geosiyasi zəlzələ"nin fəsadlarını yaşayır.

ABŞ, İran və İsrail arasındakı hərbi-siyasi qarşıdurmanın qlobal miqyas alması təkcə Yaxın Şərqin deyil, bütün dünyanın maliyyə və enerji xəritəsini sarsıdır. Belə çətin mühitdə Azərbaycanın nümayiş etdirdiyi iqtisadi dözümlülük və daxili sabitlik göz qabağındadır. Prezident İlham Əliyevin uzaqgörən və qüdrətli siyasəti sayəsində ölkəmiz bu "geosiyasi tufan"ın ortasında öz sabitliyini qoruyan nadir dövlətlərdəndir. Dövlət başçısının yürütdüyü müstəqil xarici siyasət kursu Azərbaycanı kənar münaqişələrin poliqonuna çevrilməkdən sığortalayıb.

Dünya iqtisadiyyatını ləngidən üçbucaq — Azərbaycan “sabit ada” kimi

Dünya nəhənglərinin toqquşduğu məkanda İlham Əliyev Azərbaycanı hər hansı tərəfin forpostuna çevrilməkdən qoruyub. Dövlət başçısının qurduğu balanslı diplomatiya sayəsində ölkəmiz qlobal güc mərkəzləri arasında etibarlı tərəfdaş imicini möhkəmləndirib. İran və İsrail arasındakı gərginliyin pik həddə çatdığı dönəmlərdə belə, Azərbaycan öz milli maraqlarını bütün təzyiqlərdən uca tutmağı bacarıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu bu gün Azərbaycanı regionun sadəcə iştirakçısı deyil, həm də əsas söz sahiblərindən birinə çevirib. Yaxın Şərqdəki alovun fonunda Bakının nümayiş etdirdiyi strateji soyuqqanlılıq məhz bu qüdrətli və uzaqgörən siyasi xəttin məhsuludur.

Bu gün Azərbaycanın artan hərbi qüdrəti və iqtisadi müstəqilliyi İlham Əliyevin "güclü dövlət" konsepsiyasının əsas sütunlarıdır. Biz artıq hadisələrin axarına qapılan tərəf yox, regional prosesləri yönləndirən, irimiqyaslı enerji və nəqliyyat layihələrinin mərkəzində dayanan gücük. Şərqlə Qərb arasında körpü olmaq sadəcə coğrafi üstünlük deyil, həm də güclü siyasi iradənin nəticəsidir.

İlham Əliyevin qətiyyətli addımları göstərir ki, Azərbaycan kənar təsirlərdən asılı deyil, öz taleyini özü yazır və həm regionda, həm də dünyada sarsılmaz mövqeyə malikdir. Bu güc isə təkcə ordunun yox, həm də xalq-iqtidar birliyindən yaranmış milli iradənin göstəricisidir.

Azərbaycanın iqtisadi dayanıqlığı da diqqət çəkən əsas faktorlardandır. İqtisadi strategiyamız bu gün "riskli coğrafiya"da "etibarlı liman" statusunu qazanmağa fokuslanıb. Orta Dəhliz kimi qlobal layihələrin lideri olan ölkəmiz dünyanın yeni logistik xəritəsini cızır.

Azərbaycanın artan strateji əhəmiyyətində enerji və logistika layihələri mühüm rol oynayır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün vacib alternativ marşrutlardan birinə çevrilib. Eyni zamanda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Ukrayna müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik problemləri və Yaxın Şərqdə artan risklər fonunda Şərq-Qərb yük axınlarının daha təhlükəsiz marşrutlara yönəlməsi Azərbaycanın tranzit imkanlarını genişləndirir.

Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları ölkəyə xarici iqtisadi şokları yumşaltmaq imkanı verir. Yüksək valyuta ehtiyatları manatın sabitliyinin qorunmasında mühüm rol oynayır və qlobal bazarlarda dalğalanmaların daxili maliyyə sisteminə təsirini məhdudlaşdırır. Bununla yanaşı, son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar iqtisadiyyatın daha dayanıqlı modelə keçidini sürətləndirib. Xüsusilə kənd təsərrüfatı, sənaye parkları, rəqəmsal iqtisadiyyat və tranzit-logistika sahələrinin inkişafı Azərbaycanın yeni iqtisadi sütunlarını formalaşdırır.

Bakı artıq yalnız enerji ixrac edən paytaxt deyil, həm də Avrasiya logistik sisteminin əsas qovşaqlarından biri kimi çıxış edir. Bu faktor ölkəyə həm iqtisadi gəlir, həm də geosiyasi təsir imkanları qazandırır. Müasir beynəlxalq münasibətlər sistemində logistika marşrutlarına nəzarət enerji resursları qədər strateji əhəmiyyət daşıyır.

Bugünkü reallıq göstərir ki, dünya iqtisadiyyatı uzunmüddətli qeyri-müəyyənlik mərhələsinə daxil olub. ABŞ–İran–İsrail qarşıdurması isə bu qeyri-sabitliyin əsas katalizatorlarından biri olaraq qalır. Belə mürəkkəb şəraitdə Azərbaycanın əsas üstünlüyü emosional deyil, praqmatik siyasət yürütməsi, regional riskləri idarə etməyə çalışması və strateji balansı qorumasıdır.

Qısaca, Yaxın Şərqdəki müharibə dünyada qiymətləri artırıb iqtisadiyyatı çətinə salsa da, Azərbaycan düzgün siyasət sayəsində həm daxili sabitliyini qoruyur, həm də beynəlxalq yükdaşımalar və enerji sahəsində əvəzedilməz mərkəzə çevrilir.

Bəxtiyar Umarlı Demokrat.az

NE
Nihadə Eyyubova