İqtisadiyyat Özəl

Ət satışı ilə bağlı mühüm açıqlama

Ət satışı ilə bağlı mühüm açıqlama

Heyvan mənşəli məhsulların təhlükəsizliyi və bazarlarda nəzarət mexanizmləri son dövrlərdə daha çox diqqət mərkəzindədir. İdxal edilən heyvanlarda xəstəlik risklərinin yoxlanılması və laborator nəzarətin gücləndirilməsi prioritetlərdən biri sayılır. Paralel olaraq daxili bazarlarda sanitariya və gigiyena qaydalarının tətbiqi də sərtləşdirilir.

Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov Demokrat.az-a bildirib ki, xaricdən gətirilən heyvanlarda hər hansı xəstəliyin aşkarlanması məsələsi qeydiyyata alınmayıb və hər hansı məhdudiyyət də hazırda qüvvədə deyil:

"Yalnız heyvan bazarlarında Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələri tərəfindən laboratoriyadan keçməmiş ət məhsullarının satışına icazə verilməməsi qaydalarının sərtləşdirilməsi gündəmdədir. Həmin bazarlarda nəzarət mexanizminin gücləndirilməsi həm heyvan xəstəliklərinin qarşısının alınmasına yönəlib, həm də insanların sağlamlığı baxımından atılmış mühüm addımlardan biridir. Əgər bazarlarda və heyvan satış məntəqələrində hər hansı heyvanda sağlamlıq problemi və ya xəstəliklə bağlı şübhə yaranarsa, laborator nəticələrdən sonra problemli hallar aşkar edilə bilər".

O deyib ki, bu halda nəzarət və izləmə mexanizmi vasitəsilə sanitariya və gigiyena tələblərinə cavab verməyən bölmələr bağlana, profilaktik tədbirlər görülə və yalnız standartlara uyğunlaşdırıldıqdan sonra fəaliyyət bərpa oluna bilər:

"Digər tərəfdən, idxal məhsullarında hər hansı xəstəlik aşkarlanarsa, bunun qarşısının alınmasının ən effektiv yolu həmin məhsulların ölkəyə buraxılmamasıdır. Bu da yerli heyvanlarda və satış məntəqələrində xəstəliklərin yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərdən biridir", - deyə o bildirib.

Ekspert qeyd edib ki, yoxlamalar zamanı xəstəlik şübhəsi yaranarsa, laborator analizlərin nəticəsi əsas götürülür. Standartlara cavab verməyən satış bölmələri dərhal bağlanır və profilaktik işlər yekunlaşana qədər fəaliyyətinə icazə verilmir. İdxal edilən məhsullarda problem aşkarlandıqda isə ən sərt tədbir kimi həmin partiyanın ölkəyə girişi qadağan edilir.

Yəni, bazarlarda ət və heyvan satışı zamanı mütləq laboratoriya sənədi tələb olunacaq, xəstəlik şübhəsi olan yerlər isə yoxlama bitənə qədər qapadılacaq.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova