Həyatının son günlərini yaşayan insanların ən böyük təəssüf hissləri ilə bağlı aparılan araşdırmalar sarsıdıcı həqiqətləri üzə çıxarıb. Dünyanın müxtəlif ölkələrindəki hospislərdə (sağalmaz xəstəliyə tutulmuş və tibbi proqnozlara görə ömrünün son mərhələsində olan (adətən 6 ay və daha az ömrü qalmış) insanlara palliativ yardım göstərən xüsusi tibbi-sosial müəssisə)qalan xəstələrlə aparılan söhbətlər göstərir ki, insanlar ölümə yaxınlaşdıqca maddi uğurları deyil, itirilmiş mənəvi fürsətləri daha çox xatırlayırlar.
Demokrat.az xəbər verir ki, avstraliyalı tibb bacısı Bronni Ver uzun illər terminal mərhələdə olan xəstələrə qulluq edərək onların etiraflarını bir yerə toplayıb. Müəllifin qeydlərinə əsasən, insanların həyatla vidalaşarkən ən çox dilə gətirdikləri 5 əsas peşmanlıq formalaşıb.
İlk sırada insanların başqalarının arzularını reallaşdırmaq üçün öz həyatlarını qurban vermələri dayanır. Bir çoxları ömürlərini ətrafındakıların onlardan gözlədiyi kimi yaşadıqlarını və öz xəyallarını arxa plana atdıqlarını etiraf ediblər. Digər mühüm məqam isə iş həyatı ilə bağlıdır. Xüsusilə kişilər ömürlərinin böyük hissəsini işə sərf etdikləri üçün ailələri və övladları ilə kifayət qədər vaxt keçirmədiklərinə görə dərin təəssüf hissi keçiriblər.
Duyğuların gizlədilməsi də ölüm ayağındakı insanların əsas daxili ağrılarından biridir. Çoxları mühitdə sülhü qorumaq üçün hisslərini boğduqlarını və bu səbəbdən bir çox xəstəliklərə yol açan gərginliklərlə yaşadıqlarını bildiriblər. Dostlarla əlaqələrin kəsilməsi və xoşbəxt olmağa cəsarət etməmək də ən çox təkrarlanan etiraflar arasındadır.
İnsanlar həyatın sonunda anlayırlar ki, xoşbəxtlik əslində seçimdir. Lakin çoxları vərdişlərin və sosial təzyiqlərin əsiri olduqları üçün bu seçimi vaxtında edə bilmirlər. Bu müşahidələr hər birimizə yaşadığımız anın dəyərini anlamaq və həyatı başqaları üçün deyil, özümüz üçün mənalı etmək fürsətini xatırladır.
Demokrat.az


