Cəmiyyət Özəl

Alimlər ilk uşaq üçün ən ideal yaşı açıqladı

Alimlər ilk uşaq üçün ən ideal yaşı açıqladı

Yeni araşdırmaya görə, ilk dəfə valideyn olunan yaş uzunmüddətli sağlamlıq, gəlir, təhsil və psixoloji vəziyyətə təsir göstərə bilər. Nəticələr göstərir ki, ilk dəfə valideyn olmaq üçün 26-31 yaş aralığı daha sabit və müsbət göstəricilərlə əlaqələndirilir.

İlk uşağın hansı yaşda dünyaya gətirildiyi uzunmüddətli sağlamlıq və xoşbəxtlik üzərində təsirli ola bilər. Yeni araşdırmaya əsasən, bu baxımdan xüsusilə 29 yaş ön plana çıxır.

Tədqiqatçılar müəyyən ediblər ki, daha erkən yaşda, məsələn, 20-li yaşların əvvəllərində valideyn olan şəxslər, uşaq sahibi olmağı daha gec yaşlara saxlayanlarla müqayisədə daha aşağı gəlir əldə edirlər. Gənc yaşda valideyn olanların həmçinin fiziki və psixoloji sağlamlıqlarının daha zəif olduğu, təhsil sahəsində isə daha aşağı nəticələr göstərdikləri bildirilib.

“Congratulations, it’s a risk factor!” adlı araşdırma göstərib ki, insanların ilk dəfə valideyn olduğu yaş artdıqca sağlamlıq və gəlir göstəriciləri də yüksəlir, lakin bu təsir təxminən 30 yaşa yaxın sabitləşir.

Tədqiqatın müəllifi Jordan MacDonald, PsyPost saytına açıqlamasında bildirib:

“Əldə olunan nəticələr göstərir ki, insan nə qədər gənc yaşda valideyn olursa, orta məktəbi tamamlamamaq, daha zəif sağlamlıq vəziyyəti bildirmək və həyat boyu daha aşağı gəlir əldə etmək kimi uzunmüddətli çətinliklərlə qarşılaşma ehtimalı bir o qədər yüksək olur.”

MacDonald əlavə edib ki, bu tendensiyalar həm gənc analar, həm də gənc atalar üçün oxşardır.

PLOS ONE jurnalında dərc olunan araşdırmada alimlər qeyd ediblər ki, mövcud nəticələrə əsasən ilk dəfə uşaq sahibi olmaq üçün ən uyğun yaş aralığı 26-31 yaşdır. Tədqiqatçılar bildiriblər:

“Bu yaşlar arasında insanların öz qiymətləndirmələrinə əsaslanan sağlamlıq vəziyyəti, psixoloji sağlamlıq, gəlir və təhsil göstəriciləri daha stabil görünür.”

"University of New Brunswick" komandası araşdırma çərçivəsində uşaq sahibi olmuş 6 min 282 yetkin şəxsin məlumatlarını təhlil edib.

Araşdırma zamanı hər iştirakçının ilk uşağı dünyaya gələndə neçə yaşında olduğu müəyyənləşdirilib və onların həyat göstəriciləri ilə bağlı məlumatlar toplanıb.

Təhlillər göstərib ki, ilk dəfə valideyn olunan yaş ilə təhsil uğuru arasında güclü əlaqə var. İlk valideynlik yaşı artdıqca, orta məktəbdən sonrakı təhsili tamamlama ehtimalı da sürətlə yüksəlir.

Araşdırma göstərib ki, uşaq sahibi olmağı gecikdirən şəxslərin yüksək gəlir əldə etmə ehtimalı nəzərəçarpacaq dərəcədə artır və bu artım 26-31 yaş aralığında sabitləşir. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, illik ən azı 125 min Kanada dolları gəliri olan ailədə yaşamaq ehtimalı ilk uşağını təxminən 29 yaşında dünyaya gətirən şəxslərdə ən yüksək səviyyəyə çatır. Bu yaşdan sonra isə ən yüksək gəlir qrupuna daxil olma ehtimalı tədricən azalır.

Araşdırmaya görə, gənc yaşda və ya 20-li yaşların əvvəllərində valideyn olan iştirakçılar sonrakı illərdə daha zəif fiziki sağlamlıq vəziyyəti bildiriblər. Lakin valideynliyi daha gec yaşlara saxlayanlarda bu mənfi əlaqənin azaldığı və təxminən 26 yaş ətrafında sabitləşdiyi qeyd olunub.

Ümumilikdə, daha gec yaşda ilk dəfə valideyn olan şəxslərin psixoloji sağlamlığının bir qədər daha yaxşı olduğu müəyyən edilib. Bununla yanaşı, həyat məmnuniyyətinin insanın neçə yaşında valideyn olmasından ciddi şəkildə asılı olmadığı vurğulanıb.

Araşdırma müəllifləri bildiriblər ki, nəticələr “liminality theory” kimi tanınan nəzəriyyəni dəstəkləyir. Bu nəzəriyyəyə görə, insanın həyatındakı keçid dövrlərində valideyn olması şəxsi inkişaf prosesini ləngidə bilər.

Məsələn, orta məktəbi yarımçıq qoymaq və ya ailə evindən ayrılmaq kimi kritik dövrlərdə ilk uşağı dünyaya gələn şəxslər həyatlarının həmin mərhələsində “ilişib qala” bilərlər.

Tədqiqatçılar vurğulayıblar ki, nəticələr gənc valideynlərin uğurlu ola bilməyəcəyi anlamına gəlmir.

Jordan MacDonald bildirib:

“Bu nəticələr sadəcə onu göstərir ki, dəstək olmadan uğur qazanmaq daha çətin hala gələ bilər.”

O əlavə edib:

“Gənc valideynlər necə valideyn olduqlarından və ya başqalarının bunu təsdiqləyib-təsdiqləməməsindən asılı olmayaraq uğursuzluğa məhkum deyillər. Ancaq ətrafdakı insanlar və qurumlar onlara dəstək verməzsə, daha böyük maneələrlə qarşılaşa bilərlər.”

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova