Demokrat.az xəbər verir ki, bunu endokrinoloq İrina Lenkova deyib. Onun sözlərinə görə qarşısıalınmaz yemək istəyi bəzən ciddi sağlamlıq probleminin göstəricisi sayılır."Güclü iştaha ciddi xəstəliyin əlaməti ola bilər"
"İnsan iştahasını idarə etməkdə çətinlik çəkirsə və davamlı yemək yemək istəyirsə, bunun səbəbini araşdırmaq üçün mütəxəssisə müraciət etmək vacibdir"
Həkim qeyd edib ki, problem təkcə iradə zəifliyi ilə bağlı olmaya bilər.
İrina Lenkova izah edib ki, güclü iştahanın səbəblərindən biri insulinrezistentlik ola bilər. Bu zaman orqanizmin hüceyrələri insulinə normal reaksiya vermir:
“Belə vəziyyətdə iştahanı nəzarətdə saxlamaq çətinləşir. İnsan daha çox yemək yeyir, çəki artır və artıq çəkidən xilas olmaq çətin olur”.
Həkim bildirib ki, insulinrezistentliyi müəyyən etmək üçün endokrinoloq müayinəsi vacibdir. Lazım gəldikdə isə pasiyentə dərman müalicəsi təyin oluna bilər.
Lenkova qeyd edib ki, son illər iri farmasevtik şirkətlər iştaha və çəkiyə təsir edən GIP və GLP-1 hormonları ilə bağlı preparatlar üzərində fəal işləyirlər. Onun sözlərinə görə, GLP-1 aclıq hissini və yüksək kalorili qidalara meyli azaldır, GIP isə piy toxumasına təsir edərək yağların parçalanmasını sürətləndirir.
Bununla belə, həkim vurğulayıb ki, bu preparatlar yalnız ciddi göstəriş olduqda təyin edilir:
“Bu dərmanlar sadəcə bir qədər artıq çəkisi olan və ya ‘istədiyini yeyib kökəlməmək’ istəyən insanlar üçün nəzərdə tutulmayıb”.
Ekspert əlavə edib ki, dərmanlar yalnız düzgün qidalanma və fiziki aktivliklə birlikdə effekt verir. Onlar iştahanın azalmasına və orqanizmin arıqlama prosesinə daha düzgün reaksiya verməsinə kömək edir.
Lenkova qeyd edib ki, bir neçə günlük artıq yemək fiziki formanı tam pozmasa da, çəkinin davamlı artması və daimi aclıq hissi yaranarsa, insan özünü günahlandırmaq əvəzinə həkimə müraciət etməlidir.
İsmayıl Demokrat.az


