Minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin övladlarına mühüm sosial güzəşt tətbiq ediləcək. Yeni qərara əsasən, bu kateqoriyadan olan gənclərin təhsil xərclərini dövlət öz üzərinə götürür.
Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən son dəyişiklikdə qeyd olunub.
Qaydalara görə, minatəmizləmə işləri zamanı partlayış nəticəsində həyatını itirən və ya aldığı xəsarətdən vəfat edən şəxslərin övladları bütün növ təhsil müəssisələrində ödənişsiz oxuyacaqlar. Bura dövlət və bələdiyyə məktəbləri ilə yanaşı, özəl ali, orta ixtisas və peşə təhsili müəssisələri də daxildir. Tələbələrin ödənişli əsaslarla təhsil aldıqları müddətdə (əlavə təhsil halları xaric) bütün xərcləri dövlət büdcəsindən qarşılanacaq.
Qanunun keçid müddəalarında maraqlı bir məqam da yer alıb. Belə ki, bu imtiyaz təkcə yeni hadisələrə deyil, qanun qüvvəyə minənədək həlak olmuş minatəmizləyənlərin övladlarına da şamil edilir. Həmin gənclər 23 yaşına çatana qədər bu güzəştdən yararlana biləcəklər. Yeni qaydanın 2026-cı il sentyabrın 15-dən etibarən tətbiqinə başlanılacaq.
Yəni, minatəmizləyərkən vəfat edən şəxslərin övladları universitet və ya kolleclərdə ödənişli yerə qəbul olsalar belə, onların təhsil haqqını dövlət ödəyəcək.
Demokrat.az


