Cəmiyyət Özəl

Azərbaycanda pensiya artımı mexanizmi ilə bağlı mühüm açıqlama

Azərbaycanda pensiya artımı mexanizmi ilə bağlı mühüm açıqlama

Azərbaycanda pensiya sistemi mütəmadi olaraq yenilənir və bu dəyişikliklər vətəndaşların sosial təminatına birbaşa təsir edir. Xüsusilə pensiyaların artırılması mexanizmləri son dövrlərdə daha çox müzakirə olunur. Vətəndaşları maraqlandıran əsas məsələ artımların hansı prinsiplərlə həyata keçirilməsidir. Qanunvericiliyə görə pensiyalar müəyyən iqtisadi göstəricilər əsasında indeksasiya olunur. Bəs son qərarlar işləyən şəxslərin pensiya məbləğinə necə təsir edəcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, Azərbaycanda əmək pensiyalarının artırılması mövcud qanunvericiliyə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempinə və inflyasiya göstəricilərinə əsasən indeksləşdirilsə də, tətbiq olunan mexanizmlərin effektivliyi və sosial ədalət baxımından yetərliliyi birmənalı deyil:

"Mövcud sistemdə pensiyaların əsasən orta əməkhaqqının artımına bağlanması formal olaraq müsbət yanaşma kimi təqdim edilsə də, praktikada bu yanaşma bir sıra problemlər yaradır. Belə ki, orta əməkhaqqı göstəricisi iqtisadiyyatın bütün seqmentlərini tam əhatə etmir və yüksək gəlirli sektorların təsiri ilə süni şəkildə arta bilər. Bu isə aşağı pensiya alan şəxslər üçün real gəlir artımının məhdud qalmasına səbəb olur.

Pensiya kapitalının inflyasiyaya uyğun indeksləşdirilməsi nəzəri baxımdan vətəndaşların yığımlarını qorusa da, faktiki inflyasiya ilə rəsmi inflyasiya göstəriciləri arasında fərqlər olduğu hallarda real alıcılıq qabiliyyətinin tam bərpası təmin olunmaya bilər. Xüsusilə ərzaq və kommunal xərclərin daha sürətli artdığı dövrlərdə pensiya artımları vətəndaşların gündəlik xərclərini kompensasiya etməkdə çətinlik çəkir".

Ekspert deyib ki, son indeksasiya qərarları nəticəsində nominal artım qeydə alınsa da, bu artımın real rifaha təsiri məhdud qalır:

"Engel qanunu ilə məsələyə baxsaq, görərik ki, aşağı pensiya alan qruplar üçün artım məbləği faktiki olaraq inflyasiya təzyiqini tam neytrallaşdırmır, nəticədə gəlir bərabərsizliyi dərinləşir.

Deyərdim ki, pensiya sisteminin maliyyə dayanıqlığı da uzunmüddətli perspektivdə suallar doğurur. Əhalinin yaşlanması, qeyri-formal məşğulluğun yüksək payı və sosial sığorta ödəmələrinin tam yığılmaması gələcəkdə pensiya fonduna əlavə təzyiqlər yarada bilər. Hesab edirəm ki, mövcud mexanizmin təkmilləşdirilməsi üçün indeksasiyada yalnız orta əməkhaqqı deyil, minimal istehlak səbəti və real xərclər strukturu da nəzərə alınmalı, aşağı pensiyalı qruplar üçün diferensial artım mexanizmləri tətbiq edilməli və qeyri-formal məşğulluğun azaldılması və sığorta bazasının genişləndirilməsi istiqamətində tədbirlər gücləndirilməlidir. Pensiyaların indeksləşdirilməsi mövcud sistem çərçivəsində müsbət addım olsa da, onun sosial təsirinin artırılması və real rifahın yaxşılaşdırılması üçün daha hədəflənmiş və çevik yanaşmaların tətbiqi zəruridir. Təkmilləşdirmə aparılmalıdır", - deyə o qeyd edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova