Bakının Binəqədi rayonunda qadınlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun, M.Ələkbərov küçəsində baş verib. Şamaxı rayon sakini, 1989-cu il təvəllüdlü Tükəzban onunla qonşuluqda yaşayan Zəminənin məlum hadisədən bir neçə dəqiqə əvvəl digər qonşuları Züleyxanın (adlar şərtidir – red.) yaşadığı evdə ondan borclu olduğu 200 manat pul vəsaitini geri tələb etməsinə və aralarında olan sözlü mübahisəyə irad bildirib.
Tükəzban Züleyxanın bu hərəkətlərini bəhanə edərək mübahisəni davam etdirib, onun baş və bədəninin müxtəlif nahiyələrindən yumruq, təpik zərbələri ilə vurub.
İş üzrə izahat verən Tükəzban ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə ilə qonşu olublar:
“Bizim qonşuluğumuz təxminən 4-5 ay davam edib. Zəminə ilə əvvəllər aramızda heç bir düşmənçilik və ədavət olmayıb. Eyni zamanda digər qonşularla da heç bir düşmənçilik və ədavət yaşanmayıb. Təxminən 2022-ci ilin iyun ayında mənim pula ehtiyacım yaranıb. Həmin vaxt yaşadığım küçədə qonşum olan Züleyxa adlı qadınla söhbət zamanı maddi sıxıntıları olduğunu, sələmə pul verən bir şəxsə ehtiyacımın olduğunu dedim. Həmin anda Zəminə də orada olub. Züleyxa bu barədə maraqlanacağını və sonradan məlumat verəcəyini bildirdi”.
Təqsirləndirilən şəxs deyib ki, növbəti gün Zəminə zəng edib və 200 manat pulu verə biləcəyini, lakin bunun qarşılığında maaş kartı və ya qızıl zamin qoyulmasını istədiyini bildirib: “Mən də 5 qramlıq qızıl üzüyümü zamin kimi təqdim edə biləcəyimi bildirdim. Həmin gün biz Zəminənin yaşadığı evin qarşısında görüşdük. Orada Zəminə mənə 200 manat verdi. Mən isə qarşılığında 5 qramlıq 583 əyyarda olan qızıl üzüyümü zamin olaraq ona təqdim etdim. Həmçinin bildirdi ki, pulu 220 manat olaraq geri qaytarım. Elə həmin məbləğdən 20 manatını orada Zəminəyə qaytardım və 200 manatı 1 ay müddətində ödəyəcəyimi bildirdim”.
Tükəzbanın ifadəsinə görə, daha sonra Zəminə ona zəng edib və verdiyi pulu niyə geri qaytarmadığı soruşub: “Mən də cavab olaraq pulu qaytara bilməyəcəyimi, lakin faizini ödəyə biləcəyimi bildirdim. Bundan sonra Zəminə telefonda mənə qarşı nalayiq ifadələr işlətdi. Növbəti gün qonşuluqda yaşayan Züleyxa adlı qadının evində olarkən, Zəminə ora gəldi, mənə qarşı yenidən nalayiq ifadələr işlətdi. Mən də Zəminəyə ikimizin də yetkin insanlar olduğumuzu, aramızdakı anlaşılmazlıqları qarşılıqlı müzakirə edərək həll edə biləcəyimizi bildirdim. Lakin yenidən ünvanıma nalayiq ifadələr işlətdi. Mən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdim. Zəngindən sonra Binəqədi rayonun 43-cü Polis Bölməsinə şikayət etmək üçün gedən zaman küçədə təkrar aramızda sözlü mübahisə baş verdi. Bu zaman Zəminə yaxamdan tutdu. Mən də əsəbiləşərək, onu əlimin arxası ilə özümdən kənarlaşdırmaq üçün itələdim. Orada olan Züleyxa və Kəmalə adlı qadınlar aramıza girərək bizi ayırdılar, səs-küyə qonşular yığıldı. Hadisədən sonra öz evinə getdim”.
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu hadisəyə qədər Zəminə ilə əvvəllər aralarında dəfələrlə davalar olub:
“Hamilə olduğum zaman Zəminənin oğlu və özü üzərimə hücum çəkiblər. Bunun nəticəsində uşağım tələf olub. Bununla da bağlı 43-cü Polis Bölməsinə şikayət etmişəm. Mən ailə qurduqdan sonra 10 ilə yaxın müddətdə övladım olmayıb. Hamiləlik dövründə isə övladımın ana bətnində olan USM görüntülərini çəkib paylaşmışam. Həmin paylaşdığım şəklin aşağısından isə Zəminə nalayiq ifadələr yazıb”.
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu hadisəyə qədər əvvəllər aralarında dəfələrlə davalar olub: “Zəminənin mənim üzərimə tez-tez hücum çəkməsinin səbəbi maddi sıxıntılarımdan dolayı ondan faizə borca pul götürməyim, qaytarmaqda çətinlik çəkməyim olub. Ona borca götürdüyüm pul tam qaytarmışam. Ancaq zamin kimi verdiyim 5 qramlıq qızıl üzüyümü mənə verməyib”.
İş üzrə zərərçəkmiş Zəminə ifadəsində göstərib ki, Tükəzbanı 2022-ci ilin iyun ayından etibarən tanıyır:
“Tükəzban mənimlə qonşuluqda yaşayıb. 2022-ci ilin iyun ayının sonlarında məndən uşağının xəstə olması ilə əlaqədar 270 manat borca pul istədi. Mobil telefonumdan bank mobil tətbiqetməsi vasitəsilə ona məxsus bank kartına hissə-hissə olmaqla 270 manat pul göndərdim. O, pulu alan zaman bildirdi ki, 2 günə qaytaracaq. Bundan bir neçə gün sonra Züleyxa adlı tanışımın evinə getdim. Həmin vaxt Tükəzban da orada olub. Biz söhbət edən zaman Züleyxaya bildirdim ki, bir azdan Masallı rayonuna gedəcəm. Bu zaman Tükəzban mənə söz ataraq bildirdi ki, səni dəlixanaya saldıracam. Mən isə ona məni özü ilə bir tutmamasını söylədim”.
Zərərçəkmiş deyib ki, daha sonra küçəyə çıxıb və piyada hərəkətdə olan zaman yaşadığı evin qarşısında Tükəzban arxadan qəfildən onun saçından tutaraq yerə yıxıb, təpik və yumruqla onu döyməyə başlayıb: “Bundan sonra orada olan Züleyxa və Kəmalə adlı qadınlar bizi araladılar. Həmin zaman burnumdan qan axmağa başladı. Mən ayağa qalxaraq evə getdim. Hadisədən sonra polis əməkdaşları yaşadığım evə gəldilər və məni xəstəxanaya apardılar”.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib.
Təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin qərarının 5.1-ci bəndi tətbiq edilib. O, təyin edilmiş cəzadan azad edilib.
Fariz Məlikli Demokrat.az


