İnsanlar özlərini ən xoşbəxt və sağlam hiss etdikləri yaş 47-dir. Bu rəqəmBöyük Britaniyada 2000 nəfər arasında aparılan sorğu əsasında əldə olunub.
Mütəxəssislər bildirirlər ki, xüsusilə 40–50 yaş aralığında insanlar gənclik illəri ilə müqayisədə özlərini daha inamlı, emosional baxımdan stabil və fiziki olaraq daha yaxşı hiss edirlər. Bunun əsas səbəbi kimi yaş artdıqca sağlamlığa baxışın dəyişməsi göstərilir.
Müşahidələrə görə, bu yaş dövründə insanlar sağlamlığı təkcə zahiri görünüşlə deyil, ümumi rifah və bədənin funksionallığı ilə qiymətləndirməyə başlayırlar. Respondentlərin bir hissəsi daha sağlam qidalanmağa üstünlük verdiklərini, zərərli vərdişləri azaltdıqlarını və həyat tərzini dəyişdiklərini qeyd edib.
Sorğuda iştirak edənlərin təxminən yarısı bədənlərini daha yaxşı anladıqları üçün həyat keyfiyyətlərinin yaxşılaşdığını deyib. Bir qismi isə sosial həyatın və əyləncələrin əvvəlki illərə nisbətən azaldığını, bunun əvəzində isə sağlamlığa daha çox diqqət yetirildiyini bildirib.
Eyni zamanda, bir çox insan başqalarını razı salmaqdan daha az narahat olduğunu və şəxsi rifahına daha çox önəm verdiyini vurğulayıb. Bəzi hallarda isə övladlar və ya nəvələr də onların daha aktiv həyat tərzi keçirməsinə səbəb olur.
Mütəxəssislərin fikrincə, yaşla bağlı “qocalıq” anlayışı daha gec dövrlərə keçsə də, bu, sağlamlıq qayğısının gecikdirilməsi üçün əsas sayılmamalıdır.
Demokrat.az


