Sağlamlıq Özəl

Ürəyin daxili quruluşunda genetik kəşf: Da Vinçi haqlı çıxdı

Ürəyin daxili quruluşunda genetik kəşf: Da Vinçi haqlı çıxdı

Leonardo da Vinçinin 500 il əvvəl çəkdiyi anatomik eskizlərin müasir tibb elmində yeni imkanlar açdığı bildirilir.

Demokrat.az xəbər verir ki, tədqiqatçılar İntibah dövrünün dahisinin insan ürəyinin quruluşu ilə bağlı qeydlərini süni intellekt və genetik analizlər vasitəsilə yenidən araşdırıblar.

Araşdırma zamanı ürəyin daxili səthini örtən “trabekulalar” adlı əzələ strukturları xüsusi diqqət mərkəzində olub. 18 mindən çox MRT görüntüsünün təhlili nəticəsində bu strukturların fraktal, yəni özünü təkrarlayan mürəkkəb şəbəkə formasına bənzədiyi müəyyən edilib.

Alimlər bildirirlər ki, bu quruluş ürəyin qan dövranı funksiyalarında mühüm rol oynaya bilər. Eyni zamanda aparılan genetik analizlər trabekulaların forma və sıxlığını müəyyən edən 16 fərqli genetik bölgəni üzə çıxarıb.

Nəticələrə əsasən, daha mürəkkəb trabekulyar quruluşa malik şəxslərdə ürək çatışmazlığı riskinin nisbətən aşağı olduğu müşahidə edilib. Bu da həmin göstəricilərin gələcəkdə ürək xəstəliklərinin proqnozlaşdırılmasında biomarker kimi istifadə oluna biləcəyini göstərir.

Mütəxəssislərin fikrincə, Leonardo da Vinçinin əsrlər əvvəl apardığı müşahidələr müasir texnologiyalarla birləşərək ürək-damar xəstəliklərinin daha erkən aşkarlanmasına və yeni müalicə yanaşmalarının inkişafına töhfə verə bilər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova